Bakı. 16 avqust. REPORT.AZ/ Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı 48-ci teatr mövsümünü sentyabrın 15-də Nəcəf bəy Vəzirovun "Ağa Kərim xan Ərdəbili" tamaşasının nümayişi ilə açacaq.
Bu barədə "Report"a teatrın baş rejissoru, əməkdar artist Sərvər Əliyev məlumat verib.
O bildirib ki, cəbhə bölgəsində fəaliyyət göstərən teatrın kollektivi sentyabrın 1-də işə çıxacaq. S.Əliyevin sözlərinə görə, sentyabrın 14-dək teatrın ötən mövsümdə nümayiş etdirdiyi tamaşaların məşqləri olacaq: "Sentyabrın 15-də isə "Ağa Kərim xan Ərdəbili" tamaşası ilə yeni mövsümün açılışını edəcəyik".
Səhnə əsərinin rejissoru və baş rolun ifaçısı Ağdam teatrının aktyoru Kərim Həsənovdur. Tamaşada teatrın aktyorları Xəyalə Xudatova, Suliddin Quliyev, Cəfər Əhmədov çıxış edir.
Yeni mövsümdə Ağdam teatrında iki yeni tamaşanın premyerasının olacağını deyən baş rejissor bildirib ki, Süleyman Rüstəmin 110 illik yubileyi münasibətilə hazırlanan "Çimnaz xanım yuxudadır" və Rəhman Əlizadənin "Keçəlin toyu" tamaşalarını səhnəyə qoyacaqlar.