Ağakişi Kazımovun 80 illik yubileyi qeyd olunub

Ağakişi Kazımovun 80 illik yubileyi qeyd olunub Yubiley tədbirində dövlət rəsmiləri, rejissorun sənət dostları, aktyorlar, incəsənət xadimləri iştirak edib
İncəsənət
23 Noyabr , 2015 17:16
Ağakişi Kazımovun 80 illik yubileyi qeyd olunub

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqında tanınmış rejissor, xalq artisti Ağakişi Kazımovun 80 illik yubileyi qeyd olunub.

"Report" xəbər verir ki, yubiley tədbirində dövlət rəsmiləri, rejissorun sənət dostları, aktyorlar, incəsənət xadimləri iştirak edib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, Ağakişi Kazımov haqqında danışanda uşaqlıq illərini xatırlayır: "Mənim dayım İrəvan Teatrının direktoru idi. Uşaq olanda onun yanına gedərdim. Ağakişi müəllimi ilk dəfə onun yanında görmüşdüm. Sonralar Akademik Milli Dram Teatrında Ağakişi müəllimlə birlikdə çalışdıq. Ağakişi Kazımov böyük pedaqoq, yaxşı insandır".

Xalq artistləri Hacı İsmayılov, Amaliya Pənahova, Arif Babayev, İlham Namiq Kamal Ağakişi Kazımov haqqında ürək sözlərini söyləyiblər. Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət rejissorlar arasında yalnız Ağakişi Kazımovun 80 yaşı haqladığını dedi: "Nə yaxşı ki, rejissorlarımız arasında 80 yaşa çatan oldu. Adətən, rejissorların ömrü qısa olur. Ən çox yaşayan rejissorumuzun yaşı 68 olub. Ağakişi Kazımov 80 il yaşamaqla bu stereotipi qıra bildi. 80 illik ömrünün 60 ilini səhnəyə həsr edən rejissor 63 ildir Teatr Xadimləri İttifaqının üzvüdür".

Yubiley tədbirində Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr, Opera və Balet Teatrı, Sumqayıt Dövlət Dram Teatrının təbriki səsləndirilib.

Xatırladaq ki, Ağakişi Kazımov 1935-ci il iyunun 28-də Ağcabədi rayonunda anadan olub. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil alıb. 1960-cı ildə A.Kazımov Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilib.

1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C.Cabbarlının "Aydın" əsərini tatarca hazırlayıb.

1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb.

Ağakişi Kazımovun quruluşunda "Darıxma, ana!" (N.Dumbadze), "Qəribə oğlan", "Büllur sarayda" (İ.Əfəndiyev), "Mirzə Şəfi" (N.Xəzri), "Sehrli alma" (Y.Lada), "Çahargah fantaziyası" (K.Kərimov), "Od gəlini" (C.Cabbarlı), "Vaqif" (S.Vurğun), "Özümüzü kəsən qılınc", "Dar ağacı", "Rəqabət", "İkinci səs" (B.Vahabzadə) və s. tamaşalar Azərbaycan səhnəsində dəfələrlə uğurla nümayiş etdirilib.

Qazandığı sənət uğurlarına görə Ağakişi Kazımov 1987-ci ildə əməkdar incəsənət xadimi, 2000-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Son xəbərlər

Orphus sistemi