Xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunub - FOTO

Xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunub - FOTO Musiqili Teatrda yubliyarın iştirakı ilə “Toya bir gün qalmış” komediyası nümayiş olunub
İncəsənət
10 Noyabr , 2015 13:07
Xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunub - FOTO

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunub.

"Report" xəbər verir ki, yubiley tədbirində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, digər rəsmi şəxslər, aktrisanın sənət dostları, ölkənin tanınmış ziyalıları, bir sıra teatrların nümayəndələri iştirak edib.

Yubiley tədbiri çərçivəsində teatrın foyesində Afaq Bəşirqızının və böyük gülüş ustası, xalq artisti Bəşir Səfəroğlunun həyat və yaradıcılığını əks etdirən foto-sərgi təşkil olunub.

Tamaşadan əvvəl nazir Əbülfəs Qarayev və digər qonaqlar sərgi ilə tanış olublar.

Daha sonra A.Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunub. 

Xalq artisti yubiley tədbirinə qatılan qonaqlara təşəkkür edib: "Sənətimi dəyərləndirən, bu xüsusi gündə məni tək qoymayan, tədbirdə iştirak edən, başda hörmətli nazirimiz Əbülfəs müəllim olmaqla hər kəsə minnətdarlığımı bildirirəm. Bundan sonra da teatrımızın, ümumilikdə Azərbaycan mədəniyyətinin inkişafı üçün var gücümlə xidmət edəcəm”.

Qeyd edək ki, “Toya bir gün qalmış” tamaşasının quruluşçu-rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac Əlili, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa edib.

Tamaşaçıların maraqla izlədiyi bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası, xalq artisti Ənvər Sadıqov ifa edib. O, eyni zamanda tamaşanın musiqi rəhbəridir.

Son xəbərlər

Orphus sistemi