Yuxarı

​“ADA” Universitetində Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib

Tədbirdə Vaqif Mustafazadənin müasirləri olan sənətkarlar cazz musiqi parçaları ifa ediblər

Bakı. 18 dekabr. REPORT.AZ/ “ADA” Universitetində caz-muğam üslubunun banisi, bəstəkar, pianoçu Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib.

"ADA"dan "Report"a verilən məlumata görə, xatirə gecəsini Mədəniyyət və Turizm Nazirliyi və Vaqif Mustafazadənin xatirə ev-muzeyi birgə təşkil edib. 

Tədbirdə Vaqif Mustafazadənin həyat yolu, Azərbaycanı bütün dünyaya tanıdan nadir istedadı barədə danışılıb. 

Xatirə gecəsində çıxış edən xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, rəhbərlik etdiyi ali məktəbdə tədris edilən bütün ixtisaslar üzrə təhsil alan tələbələr Azərbaycanın tarixi, mədəniyyəti, onun dünya irsinə əvəzedilməz töhfələri barədə məlumatlı olmalıdırılar.

Mərasimdə Vaqif Mustafazadənin xatirə ev-muzeyinin direktoru Afaq Əliyeva, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Vaqif Mustafazadənin sənət dostları Rafiq Seyidzadə, Cavan Zeynallı, Akif Süleymanbəyli də çıxış ediblər.

Tədbirdə Vaqif Mustafazadənin müasirləri olan Rafiq Seyidzadə, Cavan Zeynallı, Vaqif cazz məktəbinin davamçıları, gənc cazz ifaçıları Emil Əfrasiyab, Elçin Şirinov, Tofiq Həsənsoy cazz musiqi parçaları ifa ediblər.

Daha sonra Azərbaycan Beynəlxlaq Məktəbinin yuxarı sinif şagirdi Mirmusa Seyidzadənin “The History of Jazz in Azerbaijan” layihəsi üzrə müəllifi olduğu kitabın təqdimatı keçirilib. Kitabda cazz musiqisinin tarixi, onun Azərbaycanda musiqisevərlər tərəfindən qəbul edilməsi, sovet hakimiyyəti zamanı qadağan edilməsinə baxmayaraq, Tofiq Quliyev, Niyazi və başqalarının cazz musiqisini yeni incəsənət meyli kimi tətbiq etmələri, Vaqif Mustafazadənin cazz-muğam üslubunu yaratması, həmçinin Azərbaycanda müasir cazz barədə ətraflı məlumatlar verilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi