Yuxarı

“999-cu gecə” tamaşasının premyerası keçirilib

Tamaşa “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanıb

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə" tamaşasının premyerası olub.

"Report" xəbər verir ki, tamaşanın süjet xəttinin əsasında çəkməçi Marufla onun ifritə arvadı Fatma arasındakı təzadlı, ziddiyyətli münasibətlər dayanır. Bu nağıl “1001 gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırmaq qərarına gəlib.

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlovadır. Rejissorun sözlərinə görə, belə tamaşanı hazırlamaq onun çoxdankı arzusu olub:

“999-cu gecə” sırf böyüklər üçün nəzərdə tutulan nağıldır. Düşünürəm ki, böyüklərin də nağıla ehtiyacı var və arada bu ehtiyac da ödənməlidir. Gözlənilməz olaylarla zəngin olan tamaşada qeyri-adi dekorasiyadan istifadə olunub. Belə ki, dekorasiya 2 mərtəbəlidir və hər mərtəbə simvolik məna daşıyır. Məsələn, üst mərtəbə cənnət, alt mərtəbə cəhənnəm anlamındadır. Beləcə xeyir və şər, eşq və nifrət, işıq və zülmət, varlı və kasıb və s. təbəqələşəcək. Bu fonda biz xeyirlə şərin əbədi qarşıdurması ilə yanaşı, böyük bir eşq uğrunda mübarizənin də şahidi oluruq"

Tamaşanın musiqi tərtibatında SSRİ xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunub.

Qeyd edək ki, tamaşanın quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri, əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada rolları əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elxan İsmayılov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi