Bakı. 21 oktyabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan "Sehrli xalat"ın ekranlara çıxmasının 50 illiyinə həsr olunan, şimal-qərb bölgəsini əhatə edən "50 illik sehr" sənədli filminin təqdimatı keçirilib. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, tədbir "Kanal S" televiziya şirkətinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Tural Səmədovun ideya müəllifi olduğu və rejissor Mayis Zeynalovun çəkdiyi "50 illik sehr" sənədli filmində "Sehrli xalat"da əsas rolları canlandıran Azər Qurbanov, Yusif Şeyxov, Solmaz Hətəmova, Almaz Mustafayeva və başqalarının çəkilişlərlə bağlı xatirələri, filmdən fraqmentlər tamaşaçılara təqdim edilib.
Sonra çıxış edənlər "Sehrli xalat"ın rejissoru Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç və Hüseynağa Sadıxov kimi sənətkarları yad ediblər.
Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak edib.