Yuxarı

"21:15 qatarı"nın müəllifi Bakıya gəlib

Türk dramaturqu Toyqun Orbay öz əsəri əsasında hazırlanan tamaşaya baxacaq

Bakı. 16 may. REPORT.AZ/ Bu gün Akademik Milli Dram Teatrında türk dramaturqu Toyqun Orbayın "21:15 qatarı" əsərinin növbəti nümayişi olacaq. "Report" xəbər verir ki, tamaşada müəllifin özü də iştirak edəcək.

Toyqun Orbay məxsusi bu tamaşaya baxmaq üçün Türkiyədən Bakıya gəlib. Müəllif tamaşadan sonra aktyorlar və tamaşanın rejissoru Bəhram Osmanovla görüşəcək.

Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Rolları, xalq artisti, dövlət mükafatı laureatı Hacı İsmayılov (Vağzal məmuru), xalq artisi Nurəddin Mehdixanlı (Kişi), əməkdar artistlər Sənubər İsgəndərli (Qadın), Firuz Xudaverdiyev (Yaşlı kişi), aktyor Ramin Şıxəliyev (Yaşlı kişi) ifa edir.

Pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib. 75 dəqiqə davam edən tamaşanın janrı birhissəli mövcudluq oyunudur.

Qeyd edək ki, Toyqun Orbay 1956-cı ildə İstanbulda anadan olub. Tibb sahəsində çalışmaqla bərabər, dramaturgiya sahəsində də fəaliyyət göstərir. “Mat”, “Şərəfinə insanoğlu” və “21:15 qatarı” pyeslərinin müəllifidir.

Pyesləri İstanbulda, Ankarada, İzmirdə, Girnədə, Nyu-Yorkda, Lefkoşada dəfələrlə tamaşaya qoyulub.
Müəllif “21:15 qatarı” birpərdəli pyesini 2002-ci ildə yazıb.

"21:15 qatarı" əsəri ilə Akademik Milli Dram Teatrı Azərbaycan səhnəsində T.Orbay yaradıcılığına ilk dəfə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi