Yuxarı

​Yaxın illərdə mobil rabitənin nüfuzetmə səviyyəsi dünya əhalisinin sayını xeyli üstələyəcək - PROQNOZ

Ötən il dünyada LTE texnoligiyasının istifadəçilərinin sayı 335 mln. nəfərə çatıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Dünyada smartfon və planşetlərə artan tələbat mobil rabitə bazarının həcminin genişlənməsinə səbəb olub. "Report"un "iGR" tədqiqat şirkətinin mobil rabitə sahəsi üzrə proqnozuna əsasən verdiyi məlumata görə, ekspertlər dünya miqyasında mobil qoşulmaların sayının 2014-cü ildəki 6,9 mlrd.-dan 2019-cu ildə 9,5 mlrd.-dək artacağını proqnozlaşdırırlar. Bununla yanaşı, mobil rabitənin ümumi nüfuzetmə səviyyəsinin 96,4%-dən 125%-dək artacağı gözlənilir.

Mobil şəbəkələrə qoşulmanın sayının dünya əhalisinin sayını ötməsi faktı onunla izah edilir ki, bəzən abunəçi İnternetə çıxışı olan bir neçə qurğuya malik olur. Xüsusilə mobil rabitə abunəçisi smartfon, planşet, mobil çıxış nöqtəsi və avtomobilə quraşdırmaq üçün bir neçə SIM-kart alır.

Mobil rabitə bazarının artımı həmçinin müxtəlif elektronikanın şəbəkədə qarşılıqlı əlaqəsini nəzərdən tutan "Əşyaların İnterneti" (İnternet of Things, IoT) sahəsi stimullaşdırır. IoT sektoru sayəsində İnternetdə iş üçün hesablanan yeni qurğu və xidmətlər yaranır.

Təqdiqatda qeyd olunur ki, 2014-2019-cu illərdə dünyanın hər yerində 2G texnologiyasından 3G, daha sonra isə 4G texnologiyasına keçid baş verəcək. Ötən il hər ikinci mobil bağlantı ikinci nəsil şəbəkədə həyata keçirilib. Yaxın beş ildə 3G lider standart olacaq, LTE isə öz iştirakını sürətlə genişləndirə biləcək. Ötən il 4G şəbəkəsinin bazar payı 6% olub.

"iGR" ekspertlərinin sözlərinə görə, hazırda daha çox LTE abunəçisi Şimali Amerikada yaşayır, lakin bir neçə ildən sonra əksər regionların LTE-ni fəal şəkildə inkişaf etdirməsinə görə vəziyyət dəyişə bilər.

Bir müddət əvvəl "Allied Market Research" tədqiqat təşkilatı 2020-ci ilədək LTE xidmətləri bazarının həcminin 1 trln. dollara çatacağı ilə bağlı proqnoz verib. Bunun 40%-nin istehlakçı maraqlarının dəyişməsi və genişzolaqlı mobil rabitə xidmətlərinə tələbatın artması ilə əlaqədar olaraq Asiya-Sakit okean regionunun payına düşəcəyi bildirilib.

"Digitimes Research" analitik şirkətinin hesablamalarına görə, 2014-cü ilin yekununda dünyada LTE abunəçilərinin sayı 335 mln. nəfər təşkil edib. Həmçinin vurğulanıb ki, ABŞ-ın "Sprint", "T-Mobile USA" operatorları və Çinin telekommunikasiya şirkətləri qlobal LTE auditoriyasının artımına böyük tövhə verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi