Yuxarı

​“Uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi problemləri” adlı nəşr çap edilib

Nəşrdə uşaqların İnternetdə qarşılaşdığı təhlükələrdən qorunması yolları göstərilib

Bakı. 9 fevral. REPORT.AZ/ “Uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi problemləri” adlı ekspress-informasiya işıq üzü görüb. “Report” AMEA İnformasiya Texnologiyaları İnstitutuna istinadən bildirir ki, yeni nəşrin müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Sabirə Allahverdiyeva, elmi redaktoru isə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevdir.

İnstitutun Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilən ekspress-informasiyada uşaqların İnternetdə qarşılaşdığı təhlükələr və onların təsnifatı, onların bu təhlükələrdən qorunması yolları göstərilib. Beynəlxalq aləmdə bu problemlə bağlı mövcud olan yanaşmalar və çağırışlar şərh edilib. Eyni zamanda onlayn mühitdə uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla, Əşyaların İnterneti, uşaqlar üçün nəzərdə tutulan sosial şəbəkələr və s. problemlər identifikasiya olunub. Bundan əlavə, nəşrdə yeni təklif və tövsiyələr irəli sürülüb.

Məlumat üçün qeyd edək ki, 2004-cü ildən başlayaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamı günündə dünyanın 70-dən çox ölkəsində Təhlükəsiz İnternet Günü qeyd olunur. “İnsafe” Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi tərəfindən təşkil edilən tədbirin məqsədi uşaq və yeniyetmələrin İnternetdən istifadəsini qlobal səviyyədə dəstəkləmək və diqqəti onların onlayn təhlükəsizliyinin təmini məsələlərinə yönəltməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi