“Uber” Bakıda yeni xidmətini istifadəyə verib

“Uber” Bakıda yeni xidmətini istifadəyə verib Yeni xidmət MDB məkanında ilk dəfə Azərbaycanda tətbiq olunur
İKT
28 Sentyabr , 2016 16:58
“Uber” Bakıda yeni xidmətini istifadəyə verib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gündən “Uber” şirkəti öz tətbiqində Bakıda şəhər daxili səfərlər üçün avtomobili öncədən sifarişetmə imkanını yaradan xüsusi funksiya istifadəyə verib. 

“Report”un əldə etdiyi məlumata görə, sözügedən funksiya MDB ölkələri arasında ilk dəfə Azərbaycanda tətbiq olunub. 

Məlumatda deyilir ki, bu funksiya bütün “uberX” istifadəçiləri üçün keçərlidir. Yeni xidmətə görə, “Uber” tətbiqi vasitəsi ilə istənilən məkana gedişi 15 dəqiqədən – 30 günədək öncədən sifariş etmək mümkündür. Avtomobili öncədən sifarişetmə imkanı istifadəçilər üçün tam ödənişsizdir.

Gedişi əvvəlcədən sifariş etmək üçün tətbiqə daxil olaraq “uberX”i seçmək, avtomobil sifariş olunan və yekun ünvanları qeyd etmək, “gedişi sifariş etmək” düyməsini basmaq, gediş tarixini və zamanını qeyd etmək və sifarişi təsdiqləmək lazımdır.

Sistem sifariş barədə xatırlatmanı və istifadə olunduğu halda dinamik əmsallar haqda məlumatı gediş zamanına 24 saat və 30 dəqiqə qalmış göndərəcək.

““Uber” Azərbaycanda 2015-ci ilin aprel ayından geniş istifadəçi kütləsi üçün açıqdır. Bu müddət ərzində şəhərin müxtəlif hissələrində geniş istifadəçi və sürücü-partnyor kütləsini yaratmağa bacardıq. Bakıda “Uber” xidməti etibarlıdır: hazırda şəhər daxilində avtomobilin lazımi ünvana çatdırılması orta hesabla 4,5 dəqiqə təşkil edir. Buna baxmayaraq, gedişi öncədən planlaşdırmaq imkanı istifadəçilərdən aldığımız ən yayılmış rəylərdən biridir. Bu gündən etibarən qeyd olunan xidmət tətbiqdə yer alacaq. Hesab edirik ki, gedişi öncədən sifariş etmək imkanı xidmətin rahatlığını artıracaq və istifadəçilərin ehtiyaclarına bir qədər də uyğunlaşdırılacaq”, - deyə “Uber”in MDB regionu üzrə meneceri Aleksey Stax bildirib.

“Uber”i adi gedişlərin sifarişində olduğu kimi öncədən sifarişli gedişlərdən imtina etmək tam pulsuzdur. Amma avtomobil sifarişə çıxdıqdan 5 dəqiqə sonra imtina prosesi ödənişli olacaq.

Gedişi öncədən sifariş etmək imkanı müəyyən sürücünün seçimini nəzərdə tutmur. Gedişdən bir neçə dəqiqə əvvəl platforma istifadəçiyə ən yaxın məsafədə olan sürücünü aşkar edir və sifariş edilən ünvana göndərir.

Sözügedən xidmətdən yararlanmaq üçün tətbiqin yenilənməsi tələb oluna bilər.

Qeyd edək ki, “Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi