"Texnoparkların yaradılması və idarə olunması problemləri"nə həsr edilən elmi seminar keçirilib

"Texnoparkların yaradılması və idarə olunması problemləri"nə həsr edilən elmi seminar keçirilib Seminar AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbəsində təşkil edilib
İKT
30 Mart , 2016 11:47
Texnoparkların yaradılması və idarə olunması problemlərinə həsr edilən elmi seminar keçirilib

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsində “Texnoparkların yaradılması və idarə olunması problemləri”nə həsr edilən elmi seminar keçirilib.

“Report” AMEA İnformasiya Texnologiyaları İnstitutuna istinadən xəbər verir ki, müasir dövrdə texnoparkların yaradılması elmi-texnoloji nailiyyətlərə əsaslanan iqtisadiyyatın davamlı inkişafına və onun rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu haqda İnstitutun böyük elmi işçisi Roza Şahverdiyeva seminar zamanı çıxışında bildirib: "Eyni zamanda, texnoparklar innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsinə və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin təşkilinə, innovasiya şirkətlərinin formalaşdırılmasına, təhsil-elmi tədqiqat-sənaye arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə yeni imkanlar yaradır".

"Texnoparkların yaradılması və idarə olunması problemlərinin təhlili" mövzusunda məruzə ilə çıxış edən R.Şahverdiyeva texnoparkların yaradılması məqsədlərindən danışıb: "Müasir dövrdə texnoparkların ixtisaslaşdığı fəaliyyət sahələri İKT, ekologiya, elektronika, proqram mühəndisliyi, kompüter avadanlığı, biznes-sənaye xidmətləri, biotexnologiya və nanotexnologiya kimi sferaları əhatə edir. Hazırda texnoparkın funksiyaları, fəaliyyət göstəriciləri və müasir idarəetmə texnologiyaları, gələcəyin innovativ istehsal müəssisəsinin inkişaf istiqamətləri, intellektual sistemlərin tətbiqi, idarəetmədə insan amilinin rolunun artırılması kimi problemlər mövcuddur. Bu problemlər inkişafın planlaşdırılması, fəaliyyətin təşkili, fəaliyyətin motivasiyası və dövlət nəzarəti üzrə məsələləri əhatə edir".

R.Şahverdiyeva vurğulayıb ki, texnoparkların fəaliyyətinin idarə olunması sisteminə innovativ texnologiyaların tətbiqi ilə bir sıra səmərəli nəticələrə nail olmaq mümkündür: "İdarəetmə strukturunun effektivlilik səviyyəsinin yüksəldilməsi, kreativ insan resurslarından istifadə, idarəetmə qərarlarının səmərəliliyinin, texnoparkların rentabellik səviyyəsinin yüksəldilməsi, innovativ məhsul və xidmətlərin beynəlxalq bazarlara çıxış imkanlarının artırılması və s. məhz bu məqsədlərə xidmət edir".

Daha sonra seminarda məruzə ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

Son xəbərlər

Orphus sistemi