Yuxarı

​Tallində Estoniya-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib

İclasda bir sıra iqtisadi layihələrin həyata keçirilməsi ideyası dəstəklənib

Bakı. 1 oktyabr.REPORT.AZ/ Tallində Estoniya-Azərbaycan hökumətlərarası ticari-iqtisadi əməkdaşlıq komissiyasının II iclası keçirilib.

Azərbaycanı iclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə energetika və sənaye nazirinin müavini Natiq Abbasov, vergilər nazirinin müavini Sahib Ələkbərov, eləcə də Xarici İşlər, Sənaye və Energetika, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Mərkəzi Bank və Azərbaycanın Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) nümayəndələri daxil olublar.

"Report"un xəbər verdiyi kimi, Estoniya tərəfindən iclasda iqtisadi əlaqələr və infrastruktur naziri xanım Urve Palonun rəhbərlik etdiyi komissiya üzvləri iştirak ediblər.

Hökumətlərarası komissiyanın ikinci iclasında sənaye və energetika, informasiya-kommunikasiya texnologiyaları (İKT), maliyyə, gömrük rüsumu və vergilər, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühit, gənclər siyasəti, təhsil və elmi tədqiqatlar, sosial təminat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

İclasda nümayəndə heyətlərinin rəhbərləri qarşılıqlı iqtisadi fəaliyyətin hazırkı formatda praktiki əhəmiyyətini qeyd ediblər.

Komissiyanın iclası bir daha tərəflərin iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə yönələn bir sıra layihələrin həyata keçirilməsinə səy göstərməsini nümayiş etdirib.

İclasın yekunlarına dair Estoniya və Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri – U.Palo və Ə.Abbasov tərəfindən protokol imzalanıb.

Tərəflərin sənaye və energetika sahəsində əməkdaşlığa qarşılıqlı marağını nəzərə alaraq həm dövlət qurumları, həm də biznes dairələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib.

Nazir Ə.Abbasovun özəl sektorun nümayəndələri ilə keçirdiyi görüşdə vurğulanıb ki, Azərbaycan hökuməti Estoniya tərəfi ilə əməkdaşlığın genişləndirilməsi ideyasını dəstəkləyir, eləcə də biznesin aparılması üçün əlverişli şəraitin yaradılmasına zəmin yaradacaq.

Nazir və onu müşayiət edən şəxslər səfər çərçivəsində Estoniya Hökumət Evində (Stenbock House) olublar. Burada Ə.Abbasov Estoniyanın baş naziri Taavi Rıyvas ilə görüşüb. O, Azərbaycan nümayəndə heyətini “Elektron hökumət”in işi ilə tanış edib.

Səfər zamanı Ə.Abbasov həmçinin Tallin Texniki Universitetinin rektoru ilə görüşüb, akademik və tələbə auditoriyası qarşısında mühazirə oxuyub.

Səfər çərçivəsində nümayəndə heyəti “e-Estonia Showroom” ən yeni texnologiyaların elektron təqdimatı binasında da olub. Burada Azərbaycan nümayəndə heyəti üçün Estoniyanın “Tehnopolis” Texnoloji Parkının təqdimatı keçirilib.

Bundan başqa, Ə.Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti vəzifəsi ictimai dialoq və demokratik idarəetmədə İKT-nin imkanlarından istifadə olan “e-government Academy” Elektron İdarəetmə Akademiyasına da baş çəkib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi