​Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ÜƏMT-lə birgə seminar keçirib

​Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ÜƏMT-lə birgə seminar keçirib Seminarın əsas məqsədi ixtiraçılara ixtiraların beynəlxalq ÜƏMT sistemində mühafizəsi imkanlarını və yollarını öyrətməkdir
İKT
11 May , 2016 13:52
​Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ÜƏMT-lə birgə seminar keçirib

Bakı. 11 may. REPORT.AZ/ Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Azərbaycanda innovasiya üçün texnologiyaya çıxış, texnologiya və innovasiyalara Dəstək Mərkəzi (TİDM) şəbəkəsinin yaradılması” mövzusunda seminar keçirilib.

“Report” Komitənin mətbuat xidmətinə istinadən bildirir ki, seminarın əsas məqsədi ixtiraçılara ÜƏMT-nin patent axtarış sistemi vasitəsi ilə imkanlar yaratmaq, ixtiraların beynəlxalq ÜƏMT sistemində mühafizəsi imkanlarını və yollarını öyrətməkdir.

Seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbərinin müavini Niyazi Rəhimov vurğulayıb ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolu və bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələri xüsusi önəm daşıyır: “Qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Dünyada mövcud ən son yeniliklər və ixtiralar haqqında məlumatların əlçatımlılığına xidmət edən və ÜƏMT tərəfindən uğurla tətbiq edilən Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzlərinin Azərbaycanda yaradılması istiqamətində addım olaraq keçirilən bu seminar əqli mülkiyyət sahəsində yeni uğurların əldə edilməsinə xidmət edəcək. ÜƏMT ilə əməkdaşlıq çərçivəsində növbəti uğurlu addım kimi yadda qalacaq”.

ÜƏMT-nin İnnovasiya və Texnologiyaya Dəstək Bölməsinin direktoru Endryu Czajkovski Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnun olduğunu deyib. O, əqli mülkiyyət sahəsində Azərbaycanın uğurlarını, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işləri və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əmin olduğunu bildirib.

Seminarda “İnnovasiyanın təşviqi: Dəstək İnnovasiyasında Patent İnformasiyasının faydası və dəyəri”, “Azərbaycanda innovasiyanı dəstəkləyən xidmətlər”, “ÜƏMT-nin Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzləri (TİDM) Proqramı”, “Axtarış vasitələri və strategiyaları” mövzularında məruzələr dinlənilib.

Son xəbərlər

Orphus sistemi