Yuxarı
    Bağlamaq

    Sərxan Həşimov “Microsoft”un MDB üzrə İdarə Heyətinin üzvü seçilib

    Bakı. 28 noyabr. REPORT.AZ/ “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov “Microsoft”un MDB üzrə İdarə Heyətinin üzvü seçilib. 

    “Report”un məlumatına görə, Sərxan Həşimov korporasiyanın biznesinin Türkmənistan və Tacikistanda inkişafına dair məsuliyyəti üzərinə götürüb.

    Onun əsas vəzifələri “Microsoft”un biznesinin Türkmənistan və Tacikistanda inkişafı, o cümlədən bulud texnologiyaları sahəsində, əsas tərəfdaşlar və sifarişçilərlə işgüzar əlaqələrin qorunub saxlanması, həmçinin dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın inkişafı və nümayəndəliyin komandasına rəhbərlik etməsindən ibarətdir.

    “Türkmənistan və Tacikistan bazarları bizim şirkətin bulud və mobil texnologiyaları, platforma həlləri və birgə iş üzrə vəsaitlər kimi prioritet istiqamətlərini uğurlu inkişaf etdirməsi üçün lazımi xüsusiyyətlərə malikdirlər. Əminəm ki, missiyamızı icra edərək – insanlara və təşkilatlara daha çox nailiyyət qazanmaqda yardım göstərərək biz ölkə iqtisadiyyatına və cəmiyyətin inkişafına öz töhfəmizi verəcəyik”, - S.Həşimov bildirib.

    İKT sahəsində 13 il bundan öncə əmək fəaliyyətinə başlayan S.Həşimov HP, “Oracle” və SAP kimi beynəlxalq şirkətlərdə çalışaraq karyera qurmağı bacarıb. O, iki il ərzində “Oracle” şirkətinin ən uğurlu əməkdaşlarından biri olub, SAP şirkətində isə o, 2015-ci ilin nəticələrinə əsasən, dünyanın ən yaxşı işçilərdən biri seçilib. S.Həşimovun irimiqyaslı layihələrin idarə edilməsi, konsaltinq xidmətlərinin təqdim olunması və biznesin inkişafı sahələrində geniş təcrübəyə, eyni zamanda, bulud texnologiyaları, mobil tətbiqlər və şirkətin resurslarının idarə edilməsi (ERP) sahələrində geniş biliyə malik olduğu deyilir.

    S.Həşimov evlidir, 9 yaşında bir oğlu var və asudə vaxtlarında peşəkar səviyyədə şahmatla məşğul olur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi