Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycanda Yüksək Texnologiyalar Parkının tikintisi məqsədilə ayrılmış ərazidə abadlıq və tikintiyə hazırlanma işləri, habelə Parkın infrastrukturunun qurulması üçün layihələndirmə işləri memarlıq şirkəti ilə birlikdə təsdiq edilərək iş qrafikinə uyğun həyata keçirilib.
“Report”
Altı ay ərzində Yuksək Texnologiyalar Parkında yaradılan “PICampus” Biznes İnkubasiya Mərkəzindən istifadə qaydaları təkmilləşdirilib. Hazırda İnkubasiya Mərkəzində 31 layihə fəaliyyətini davam etdirir. Cari ilin iyunun 29-dan “YT Park” MMC-nin yeni layihəsi olan “Code Academy” proqramı fəaliyyətə başlayıb.
Həmçinin hesabat dövründə “YT Park” MMC Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər üzrə Beynəlxalq Təşkilata (WTA) üzv qəbul olunub və təşkilatın müşahidəçi üzvü seçilib, MMC-nin Müşahidə Şurası haqqında əsasnamə təsdiq olunub, habelə innovativ sahibkarlığın təbliği və dəstəklənməsi məqsədilə yerli və xarici tərəfdaşlarla birlikdə müxtəlif xarakterli seminar, konfrans və digər tədbirlər keçirilib.
Eyni zamanda, Azərbaycan Prezidentinin 26 fevral 2015-ci il tarixli fərmanı ilə RYTN-in tabeliyində “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması qərara alınıb. Nazirlər Kabinetinin 2015-ci il 10 iyul tarixli qərarı ilə Mingəçevir YT Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən idxal edilən qurğuların hissə və ləvazimatları üçün gömrük rüsumlarında güzəştlər nəzərdə tutulub.