Yuxarı

Rusiya ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığa dair saziş imzalanacaq

Həmçinin, Sinqapurla e-hökumət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulub

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi və “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə 29 noyabr-2 dekabr tarixlərində Bakıda keçiriləcək “BakuTel-2016” beynəlxalq İT sərgi-konfransı çərçivəsində sektor üzrə ən son yeniliklər təqdim olunacaq. RYTN-dən "Report"a daxil olan məlumata görə, artıq Nazirlik tərəfindən sərgi-konfransın Tədbirlər Planı təsdiq olunub.

"Telekommunikasiya və informasiya texnologiyaları sektorunun bütün nailiyyətlərinin nümayiş etdirilməsi üçün platforma rolunu oynayan sərgidə mütərəqqi ideya və layihələr təqdim ediləcək, sektorun inkişafı üçün əhəmiyyətli müzakirələr aparılacaq. Yeni biznes münasibətlərinin qurulması baxımdan sərgi-konfrans bir çox ölkələrin mütəxəssis, ekspert və sahə peşəkarları üçün böyük əhəmiyyət kəsb edir", - deyə məlumatda qeyd olunub.

Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, mobil rabitə operatorları, internet provayderlər, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alacaq. Sərgidə kommunikasiya, şəbəkə, biznes üçün rəqəmsal həllər, İT infrastrukturu və xidmətləri, məlumatların emalı kimi ənənəvi seqmentlərlə yanaşı, audio-video sistemlər, bank texnologiyaları, peyk rabitəsi, teleradio yayımı sistemləri üzrə ən son yeniliklər nümayiş olunacaq.

Sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmsamlaşdırlması” layihələrinin təqdimatı baş tutacaq.

Eyni zamanda, sərgi çoxsaylı konfrans və forumlarla müşayiət olunacaq.

Sərgi -konfransın iş günləri ərzində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair saziş, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Sinqapur Rabitə və İnformasiya Nazirliyi arasında e-hökumət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulub.

Bundan başqa, Regional Rabitə Birliyinin informasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupunun IV iclası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İKT-nin inkişafı üzrə işçi qrupunun ilk iclası və nazirlər toplantısı, II Azərbaycan-Böyük Britaniya Yüksək Texnologiyalar Forumu, İnternet İdarəçiliyi üzrə IV Regional Forumun keçirilməsi də “Bakutel-2016”-nın iş planına daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi