"Bakcell": Rouminqdə daha sərfəli tariflər təklif edirik

"Bakcell": Rouminqdə daha sərfəli tariflər təklif edirik Şirkət abunəçiləri dünyanın 21 ölkəsində işlətdikləri 1MB İnternetə cəmi 1 qəpik ödəyirlər
İKT
7 Dekabr , 2016 13:16
Bakcell: Rouminqdə daha sərfəli tariflər təklif edirik

Bakı. 7 dekabr. REPORT.AZ/ Hələ bir neçə il əvvəl xarici ölkəyə gedərkən öz nömrəmizi işlətməkdənsə, yerli operatorun simkartını almağa üstünlük verirdik. Çünki Azərbaycan operatorlarında rouminq qiymətləri çox baha və hesablama sistemi qarışıq idi. Rouminqdə olarkən danışığa nə qədər pul xərclənəcəyini hesablamaq mümkün deyildi. Əvvəlcədən ödənişli abunəçilərin xaricdə öz nömrəsini işlətmək şansı, ümumiyyətlə, yox idi.

İndi isə “Bakcell” abunəçiləri çox rahatlıqla xaricə səyahət edir, sərfəli qiymətlərlə rouminq xidmətlərindən yararlanırlar. Qəbələdə jurnalistlər üçün keçirilən seminarda “Bakcell”in klass və rouminq bölməsinin rəhbəri Anar Qurbanov bu barədə ətraflı və əhatəli təqimat edib.

İlk dəfə “Bakcell”in əvvəlcədən ödənişli “prepaid” abunəçiləri rouminqə qoşulub

A.Qurbanov “Bizimlə səyahət edin və fərqi hiss edin” mövzusunda təqdimatla çıxış edərək bildirib ki, hazırda “Bakcell” maksimum sərfəli təkliflər edən və xidmətin daha asan formada abunəçiyə çatdırılmasında liderdir: “Biz yenilikləri gətiririk, sonradan digər operatorlar da bu xidmətləri tətbiq edirlər. Bu, rouminq xidmətlərinə də aiddir. Hazırda “Bakcell”də istər əvvəlcədən ödənişli (“prepaid” – “CIN”), istər də sonradan ödənişli (“postpaid” - “Klass”) abunəçilər daha çox ölkədə hər cür rouminq xidməti əldə edə bilirlər. Əvvəllər isə yalnız “postpaid” abunəçiləri rouminqdən istifadə edə bilirdi. “Bakcell” ilk olaraq bu sahədə iş apardı və hazırda “prepaid” şirkət abunəçiləri 171 ölkədə 225 operatorun şəbəkəsində zəng edə, İnternetdən istifadə edə, SMS göndərə bilərlər. Bu servisi ilk olaraq “Bakcell” təqdim etməyə başlayıb”.

Təbii ki, abunəçilər üçün önəmli məsələlərdən biri də rouminq qiymətləridir. A.Qurbanovun sözlərinə görə, hələ bir neçə il əvvəl abunəçi rouminqdə olarkən hansı qiymətlə danışacağını anlaya bilmirdi: "Həmin vaxtlar xaricdə olan abunəçi yerli zəngləri bir qiymət, Azərbaycana ayrı qiymət, Avropa və MDB ölkələrinin hər birinə tam fərqli qiymətlərlə zəng edə bilirdi. Daxil olan zənglər üçün də tamamilə fərqli qiymət tətbiq olunurdu. Zənglər təxminən 5-6 tarif üzrə hesablanırdı. Düşündük ki, bu sistemi tamamilə dəyişək. Abunəçilərin rahatlığı üçün asan sistem tətbiq olunmağa başladı. İndi əgər abunəçi Türkiyəyə gedirsə, yalnız çıxan və daxil olan zəngin qiymətləri tətbiq olunur. Belədə həm abunəçiyə, həm də operatora rahat olur. Bizdən 5-6 ay sonra bu sistem digər operatorlar tərəfindən də tətbiq olundu, onlar da öz qiymətlərini bizim sistemə adaptasiya etməyə başladılar”.

“Bakcell” təmsilçisi qeyd edib ki, istənilən yeniliyin arxasında böyük texniki dəyişikliklər dayanır və bunların tətbiqinə uzun müddət sərf olunur: "Bu baxımdan son 4 ildə “Bakcell”in rouminq sahəsində etdiyi yenilikləri inqilabi adlandırmaq olar. İlk belə dəyişiklik kimi, əvvəlcədən ödənişli abunəçilərə də rouminq imkanları yaradılmasını qeyd etmək olar. Əvvəllər “prepaid” abunəçinin simkartı xarici ölkədə istifadə oluna bilmirdi. Rouminqə çıxanda abunəçi müştəri xidmətlərinə gedib ərizə yazmalı idi. Halbuki “prepaid” abunəçilər bazarın 90-92%-ni əhatə edir. Biz əvvəlcədən ödənişli abunəçilər üçün rouminqi avtomatik aktivləşdirdik. Daha müştəri xidmətlərinə gedib ərizə yazmağa ehtiyac qalmadı. Eyni zamanda“postpaid” abunəçilərin rahatlığının təmin olunması üçün də bir çox işlər görüldü. Əvvəllər onlar ölkədən çıxmazdan əvvəl rouminq üçün müəyyən məbləğdə depozit qoymalı idi. İndi isə sadəcə USSD kod yığmaqla rouminqi aktivləşdirirlər”.

Xarici ölkədə “Ağıllı internet”dən yararlanın

Əvvəlcədən ödənişli abunəçilər üçün rouminqdə SMS göndərilməsi xidməti də ilk dəfə “Bakcell” tərəfindən tətbiq edilib. Digər ilklərdən biri isə “postpaid” abunəçilərin borc yazmadan onlayn rejimdə İnternetdən istifadəsi imkanını qeyd etmək olar. Hazırda abunəçinin kredit limiti mənfiyə keçdikdə İnternet artıq işləmir. Bu da bir sıra gözlənilməz xərclərin qarşısını alır. Çünki bəzən abunəçi xaricdəykən özü də bilmədən yüksək həcmli traffikdən istifadə edir. Məsələn, “Whatsapp”la 100-120 şəkil yüklənməyə göndərir. Bu zaman İnternet paketi bitsə də, yüklənmə kredit limiti hesabına davam edir. Bu da balansa 4-5 min manatlıq borc şəklində yazılır. Bu cür problemlərin qarşısını almaq üçün İnternet xidmətlərində onlayn rejim tətbiq olunmağa başlanılıb. Rouminqdəykən İnternetlə bağlı digər kuryoz hallar da baş verə bilir. Məsələn, abunəçi rouminqə getməzdən əvvəl balansına 100-200 man yükləyir və İnternetdən az istifadə edir. Lakin smartfonlardakı mövcud applikasiyaların yenilənməsi abunəçinin xəbəri olmadan fon rejimində İnternet üzərindən baş verir və bir çox hallarda bu yüksək həcmdə internet trafikinin sərf olunması ilə nəticələnir. Digər tərəfdən, abunəçilər xarici ölkə operatorunu da düzgün seçmədiyi hallar olur və onlar daha baha tarifləri olan şəbəkəyə qoşulurlar. Buna görə də bir neçə saat sonra artıq balans “ 0” olur. Bu cür problemlərin qarşısını almaq üçün “Smart İnternet” xidmətindən yararlanmaq olar. Bunun üçün rouminqə çıxanda *125*1#YES kodunu yığmaq lazımdır. Belə olduqda abunəçi 50 ölkədə 94 operatorun şəbəkəsində İnternet sessiyasının hər 200 KB üçün 5 qəpik ödəyəcək. “Smart İnternet” funksiyasını cəmi 1 dəfə aktivləşdirmək kifayətdir. Onu da qeyd etmək yerinə düşər ki, hazırda yalnız “Bakcell” abunəçiləri rouminqdə ən sərfəli qiymətlərlə danışır və önəmlisi - ən ucuz İnternetdən istifadə edir. Belə ki, şirkət abunəçiləri dünyanın 21 ölkəsində işlətdikləri 1MB İnternetə cəmi 1 qəpik ödəyirlər. Bu ölkələrə ən çox gedilən istiqamətlər daxildir.

“Dünyaya salam de”

Hazırda “Bakcell” rouminqdə daha çox danışan insanlar üçün “Dünyaya salam de” kampaniyasını təqdim edir. Bu kampaniya çərçivəsində daxil olan zənglərin dəqiqəsi 25 qəpik, çıxan zənglər isə 75 qəpikdir. Bu kampaniya üçün gündəlik xidmət haqqı 35 qəpik təşkil edir. “Dünyaya salam de” kampaniyasından 37 ölkədə 54 operatorun şəbəkəsində yararlanmaq olar.

“Bakcell” abunəçiləri üçün sərfəli zəng və İnternet paketləri də mövcuddur. Bu təkliflər çərçivəsində dünyanın 50-dən çox ölkəsində zəngin hər dəqiqəsi 40 qəpik, İnternetin isə hər 1Mb-ı 14 qəpiyədir. Eyni zamanda “Bakcell” bazarda ilk dəfə olaraq rouminqdə LTE-4G texnologiyasını tətbiq etməyə başlayıb. Bu xidmət 55 ölkədə 95 operatorun şəbəkəsində əlçatandır. Bu, abunəçilərə əldə etdikləri İnternet paketlərdən maksimum sürətlə yararlanmağa imkan verir.

A.Qurbanov abunəçilərin rouminqlə bağlı yanlış təsəvvürlərindən də danışıb. Onun sözlərinə görə, bəzən insanlar rouminqdə olarkən Bakcell şəbəkəsinin hansısa ölkədə yaxşı işləmədiyini deyirlər: “Halbuki abunəçi ölkəni tərk edib digər ölkənin ərazisinə keçəndə o, “Bakcell”in yox, şirkətimizin müqavilə bağladığı operatorun şəbəkəsinə keçir. Əgər şəbəkə zəifdirsə, bu “Bakcell”in deyil, həmin xarici ölkədəki operatorun şəbəkəsidir.

Onu da əlavə edək ki, “Bakcell” Azərbaycanda xarici operatorlanın abunəçilərinə rouminqdə 4G xidmətini göstərən yeganə mobil operatordur. Azərbaycana gələn qonaqlar “Bakcell” şəbəkəsini seçməklə rouminqdə yüksək sürətli 4G xidmətindən rahatlıqla faydalana bilirlər.

Şirkət müştəriləri rouminqlə bağlı bütün məlumatları yeni “Rouminq applikasiyası” vasitəsilə əldə edə bilərlər. Bu applikasiya bir çox risklərin qarşısını almağa yardımçı olur. Rouminq tətbiqetməsi vasitəsilə xarici ölkədəki tarifləri yoxlamaq, balansı artırmaq, müxtəlif kampaniyalara qoşulmaq olar.

Təqdimat zamanı o da vurğulanıb ki, “Bakcell” abunəçiləri daha çox Gürcüstan, Rusiya, Türkiyə İran və Ukraynaya səyahət edirlər. Azərbaycana gələn turistlər arasında isə Rusiya, İran, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan turistlər əsasən “Bakcell” şəbəkəsindən istifadə edirlər. Bu zaman onlar da şəhərin bir çox yerində olan pulsuz Wi-Fi şəbəkəsindən istifadə edə bilirlər. 

Son xəbərlər

Orphus sistemi