​Rabitə və Yüksək Texnologiyalar Nazirliyində illik toplantı keçirilib

​Rabitə və Yüksək Texnologiyalar Nazirliyində illik toplantı keçirilib Nazir Əli Abbasov: "İKT və rabitə sahəsində gəlirlər illik müqayisədə 16% artıb"
İKT
17 Yanvar , 2015 11:51
​Rabitə və Yüksək Texnologiyalar Nazirliyində illik toplantı keçirilib

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

"Report"un məlumatına görə, iclasda ilk olaraq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edib. Nazir 2014-cü ilin yekun hesabatı və 2015-ci il üçün nəzərdə tutulan planlardan danışıb. Ə.Abbasov qeyd edib ki, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 16,2% artaraq 1,7 mlrd. manatı ötüb, sektorun ÜDM-də payı 1,9%, qeyri-neft sektorunda 3,2% təşkil edib. Gəlirlərdə özəl sektorun payı 77%-dən 80%-ə yüksəlib.

Ə.Abbasov çıxışında ötən il 108 yeni iş yerinin açıldığını, rabitəçilərin orta aylıq əmək haqqının 11,1% artaraq 388,7 manata, sektor üzrə orta aylıq əmək haqqının isə 9,3% artaraq 733,5 manata çatdırıldığını deyib.

Bununla yanaşı, peyk infrastrukturunun və kosmik sənaye sahəsində görülən işlərdən, 2014-cü ilin iyun ayında Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində orbitə çıxarılan "Azersky" peyki, "Elektron Hökumət" portalı və e-imzalar haqqında məlumat verib. Ötən il əhaliyə verilmiş e-imzaların sayı 10 941 ədəd artaraq 28 579 ədədə çatıb. "ASAN" imza ilə birlikdə isə əhaliyə verilən e-imzaların sayı 140 mini ötüb.

İclasda çıxış edən nazirin birinci müavini İltimas Məmədov 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə təmin edilməsi vəziyyətindən danışıb.

İclasın davamında struktur rəhbərləri 2014-cü ildə Nazirliyin müxtəlif struktur vahidlərinin fəaliyyəti və gəlirləri haqqında məlumat veriblər.

Son xəbərlər

Orphus sistemi