“Oxy Generator” layihəsi “İdeyadan biznesə” startap turunun Mingəçevir üzrə qalibi elan edilib

“Oxy Generator” layihəsi “İdeyadan biznesə” startap turunun Mingəçevir üzrə qalibi elan edilib Bakı. 20 aprel. REPORT.AZ/ Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə keçirdiyi startap turu ilk olaraq Mingəçevir şəhərində təşkil edilib.
İKT
20 Aprel , 2018 20:41
“Oxy Generator” layihəsi “İdeyadan biznesə” startap turunun Mingəçevir üzrə qalibi elan edilib

Bakı. 20 aprel. REPORT.AZ/ Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə keçirdiyi startap turu ilk olaraq Mingəçevir şəhərində təşkil edilib.

"Report" xəbər verir ki, startap turuna Mingəçevirlə yanaşı, Şəki, Gəncə, Tərtər, Şəmkir, Ağdaş və digər ətraf rayon və şəhərlərdən 100-dək gənc qatılıb.

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə iştirakçılar üçün informativ sessiya keçirilib. Bildirilib ki, turlar regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradacaq.

Tədbir çərçivəsində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən keçirilən sessiyada isə məlumat verilib ki, bugünkü startap turunun iştirakçıları innovativ ideyaları olduğu təqdirdə Fondun elan etdiyi VI qrant müsabiqəsində də iştirak edə bilərlər. Qrant müsabiqəsinə layihələrin qəbulu aprelin 30-dək davam edəcək.

İnteraktiv hissədə startap turunun Mingəçevir şəhəri üzrə müəyyən edilmiş mentorları tərəfindən iştirakçılar üçün müsabiqə və müxtəlif mövzular üzrə təlimlər olub. Təlimlərdən sonra 9 komanda formalaşdırılıb və komandalar arasında müsabiqə keçirilib. Komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Müsabiqədə Mingəçevir turu üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. Rəhman Cəfərli “Oxy Generator” layihəsi ilə birinci, Əkbər Hüseynov “Onlayn növbə” ideyası ilə ikinci, Anar Quliyev “Branch Fi” layihəsi ilə üçüncü olub. Qorxmaz Cümüzadəyə isə “Qazanaq” layihəsini təkmilləşdirməsi şərti ilə yenidən startap turuna qatılmaq təklif olunub. Qalib olan layihələr Bakıda keçiriləcək milli finalda iştirak hüququ qazanıb.

Xatırladaq ki, milli finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda, 24-cü “Bakutel” Beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər. Növbəti startap turlarının Lənkəran, Quba, Şəki, Gəncə, Naxçıvan, Sumqayıt və Bakı şəhərlərində keçirilməsi nəzərdə tutulur. Turlarda “http://www.i2b.az” saytında qeydiyyatdan keçməklə iştirak etmək mümkündür.

Qeyd edək ki, layihənin təşkilatçıları Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Microsoft” şirkəti, tərəfdaşları isə “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Azercell” şirkətidir.

Son xəbərlər

Orphus sistemi