Yuxarı

Nazir: "Türkiyə “BakuTel-2016” İT sərgi-konfransında iştirak edəcək"

İstanbulda iki ölkənin rabitə naziri arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub

İstanbul. 4 oktyabr. REPORT.AZ/ İstanbulda keçirilən XXVI Ümumdünya Poçt Konqresində iştirak edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşüb.

"Report"un Türkiyə bürosunun məlumatına görə, türkiyəli nazir Azərbaycan nümayəndə heyəti ilə keçirdiyi görüşü yüksək qiymətləndirib və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsi və genişlənməsi üçün böyük səylərini göstərməkdə davam edəcəklərini vurğulayıb.

"Bu gün keçirilən beynəlxalq tədbir bizim üçün çox önəmlidir. Burada dünyanın əksər ölkələrindən nümayəndələr iştirak edirlər. Lakin Azərbaycan nümayəndə heyətinin iştirakı və bizi yalnız qoymaması bizim üçün olduqca vacibdir", -  deyə türkiyəli nazir bildirib.

Azərbaycanla Türkiyə arasında işgüzar münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Ə.Arslan bugünkü görüşlər zamanı bu işgüzar əlaqələrin bundan sonra da genişləndirməyin yollarının axtarıldığını deyib: "Qeyd edim ki, bu il noyabrın 29-da Bakıda keçiriləcək “BakuTel-2016” beynəlxalq İT sərgi-konfransında da iştirak edəcəyik və bu əməkdaşlığı daha da inkişaf etdirəcəyik".

Ə.Arslan hazırda inşası davam etdirilən Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə də toxunaraq onun 2017-ci ilin əvvəlində istismara veriləcəyini söyləyib: "Bildiyiniz kimi, hər iki ölkənin prezidenti bu layihənin inşasının tez bir zamanda yekunlaşması üçün göstəriş verib və hazırda ərazidə sürətli tikinti işləri aparılır. Bu layihə təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün region ölkələrinin İpək Yolu xəttindən istifadə etməsini, ölkələrimizin isə həm ticari, həm də iqtisadi faydasının daha da böyüməsini hədəfləməlidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi