Yuxarı

​Nazir müavini: "Gələcəkdə yerli icra hakimiyyəti orqanları da e-hökumət portalına qoşulacaq"

E.Vəlizadə: Bu, ölkədəki kiçik və orta İKT şirkətlərinin fəaliyyəti üçün əlverişli şərait yaradacaq

Bakı. 14 yanvar. REPORT.AZ/Azərbaycan vətəndaşları Açıq Hökumət Məlumatlar Portalı (data.gov.az) vasitəsi ilə 46 mərkəzi icra hakimiyyəti orqanlarının xidmətlərindən yararlana bilər, gələcəkdə isə yerli icra hakimiyyəti orqanları da bu portala qoşulacaq. "Report"un məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini qeyd edib ki, əsas məqsəd elektron hökumətin istifadəsini daha da asanlaşdırmaq və vətəndaşlara daha yaxşı xidmət etməklə xidmətin istifadəsini genişləndirməkdir.

E.Vəlizadə Azərbaycanda elektron hökumətin istifadəsini daha da genişləndirmək üçün yeni bir təşəbbüs irəli sürüldüyünü qeyd edib: "Açıq Hökumət təşəbbüsünün mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarının malik olduğu məlumatlar vətəndaşlara açılmalıdır. "Start-up"lara, istifadəçilərə, xüsusi proqram modulları verməklə müxtəlif məlumatları sərbəst şəkildə əldə etmək üçün tətbiqi proqramların işlənməsinə şərait yaratmaqdır. Vətəndaşlar sərbəst şəkildə müxtəlif internet vasitələrindən istifadə etməklə, bu məlumatları əldə edib müxtəlif məqsədlə istifadə edə bilər".

"Burada söhbət əsas işlək olan sahələrin materialları, məsələn, poçt indeksləri, bögələrin telefon kodları, digər məsələlərlə bağlı tətbiqi proqramlar vasitəsilə vətəndaşlarıa çatdırılmasından gedir. Güman edirik ki, belə bir fürsətin yaradılması həqiqətən də ölkəmizdə çalışan kiçik və orta İKT şirkətlərinin, eyni zamanda "start-up"ların, yeni fəaliyyətə başlayan şəxslərin fəaliyyəti üçün daha da əlverişli şərait yaradacaq", - deyə Nazirlik rəsmisi əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi