​Nazir: "Azerspace-1" peyki 2016-cı ildən özünümaliyyələşdirməyə keçəcək"

​Nazir: "Azerspace-1" peyki 2016-cı ildən özünümaliyyələşdirməyə keçəcək" Əli Abbasov: "2015-ci il üçün əsas hədəflərindən biri İKT və yüksək texnologiyalar sektorunda ixracyönümlü istehsalın genişləndirilməsidir"
İKT
17 Yanvar , 2015 14:02
​Nazir: Azerspace-1 peyki 2016-cı ildən özünümaliyyələşdirməyə keçəcək

Bakı. 17 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanın rabitə sektorunun inkişaf tempi analoji ümumdünya artım tempindən iki dəfə artıq olub. "Report"un məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün jurnalistlərə verdiyi açıqlamada bildirib.

Nazir qeyd edib ki, 2014-cü il rabitə və yüksək texnologiyalar sahəsində Azərbaycan üçün uğurlu il olub: "Əsas göstəricilərdən biri - sektorda artım tempi 15% olub ki, bu da ümumdünya artım tempindən iki dəfə çoxdur".

Ə.Abbasov bildirib ki, həmçinin ötən il ən yadda qalan hadisələrdən biri də Yer səthinin ikinci müşahidə peykinin orbitə çıxarılması olub: "Ötən il həm rəqəmsal televiziyanın yayımlanmasında, həm internetin inkişafında böyük irəliləyişlər olub. Bircə onu qeyd edək ki, Ümumdünya İqtisadi Forumunun qlobal texnoloji hesabatında Azərbaycan İKT-nin inkişafına görə 7 pillə irəliləyərək, 49-cu yerdə qərarlaşıb, internetin istifadə sahəsinə görə MDB ölkələri arasında hətta geniş regionda liderliyini qoruyub saxlayıb. Bütün bunları nəzərə alaraq, 2014-cü ildə əldə etdiyimiz nəticələrdən məmnunuq".

"Planlarımıza görə, "Azerspace-1" telekommunikasiya peyki artıq, 2016-cı ildən özünü maliyyələşdirməyə keçməlidir. İlk peyk 2013-cü ilin 6 ayında verilən kreditlərin 50%-ni ödəmişdirsə, indi bu rəqəm 75%-ə çatıb. Gələn il isə peyk öz xərclərini ödəyərək, artıq gəlirgətirmə rejiminə keçəcək", - deyə nazir bildirib.

İndiyə qədər bu sahədə əsasən infrastruktur layihələrinin həyata keçirildiyini deyən Ə.Abbasov 2015-ci il üçün əsas hədəflərindən biri kimi İKT və yüksək texnologiyalar sektorunda ixracyönümlü məhsul və xidmətlərin istehsalının genişləndirilməsi olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi