Yuxarı
    Bağlamaq

    Azərbaycanda mobil telefonlarda ödənişli xidmətlərə qanunsuz qoşulma halları yenidən aktivləşib - FOTO

    Xidmət haqqı gündəlik 0,59 AZN olmaqla hesablanır

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda mobil telefonlarda abunəçiləri xəbərdar etmədən müxtəlif ödənişli xidmətlərə qoşulma halları yenidən aktivləşib.

    "Report" xəbər verir ki, bu gün sosial şəbəkələrdə "Bakcell" abunəçiləri 96 96 qısa nömrəsi ilə azvidefun.com və azfunnykino.com xidmətinin aktiv olunması barədə qısa mesaj daxil olduğunu qeyd ediblər. Məlumatda bildirilir ki, xidmət haqqı gündəlik 0,59 AZN olmaqla hesablanır.

    Qeyd edək ki, Azərbaycanda bu ilin iyul ayında qüvvəyə minən “Reklam haqqında” yeni qanunla SMS-reklamlar məhdudlaşdırılıb. Qanunun 23.1-ci maddəsində qeyd olunur ki, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər.

    Vəkil Əkrəm Həsənov "Report"a bildirib ki, mobil telefonlara bezdirici (bəzən isə həm mənəvi, həm də maddi cəhətdən zərərli) SMS-reklamlar daha gəlməməlidir: "Çünki mobil operatorların müştəriləri ilə mövcud müqavilələrində qanunun tələb etdiyi razılıq haqda müddəa bir qayda olaraq yoxdur”.

    Vətəndaşların hansı qurumlara şikayət etmələrinə gəlincə, Ə.Həsənov deyib ki, mobil operator “Reklam haqqında” qanunu pozarsa, vətəndaş İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, habelə birbaşa məhkəməyə müraciət edə bilər: “Amma məsləhətdir ki, məhkəməyə qədər adını çəkdiyim iki quruma şikayət etsin. Nəticəsi daha tez olacaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi