Yuxarı

Kolumbiya Azərbaycanla İKT sahəsində əməkdaşlıqda maraqlıdır

Kolumbiyanın İT şirkətləri bu il keçiriləcək Bakutel-2014 sərgisində iştirak edəcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Kolumbiya Azərbaycanla rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıqda maraqlıdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, bu barədə Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əsəd Xose Qater (Assad Jose Gater) Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşündə bildirib.

Ölkələr arasında qurulan münasibətlərin uğurlu inkişafına toxunan nazir yaranan əməkdaşlığın davam etdirilməsi üçün rabitə və yüksək texnologiyalar sahəsində mövcud potensialdan və gələcək inkişaf perspektivlərindən söz açıb.

Nazir kolumbiyalı həmkarı ilə keçirdiyi ikitərəfli görüşləri və aparılan müzakirələri də xatırladaraq, Dünya İqtisadi Forumu, Beynəlxalq Telekommunikasiya İttifaqının yüksək səviyyəli tədbirlərində Kolumbiyanın ölkəmizlə bağlı məsələlərə isti münasibət göstərdiyini qeyd edib. Eyni zamanda, Azərbaycanda yeni açılmış səfirliyin, həmçinin diplomatın iki ölkə arasında münasibətlərin daha da yaxınlaşmasına töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Bu ildən Azərbaycanda diplomatik fəaliyyətə başlayan müvəqqəti işlər vəkili Ə.Qater Azərbaycanda aparılan iqtisadi islahatları izlədiyini, eyni zamanda ölkəsinin yüksək texnologiyalar sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Əməkdaşlıq imkanlarının nümayişi üçün “Bakutel” sərgi-konfransını yüksək qiymətləndirən müvəqqəti işlər vəkili kolumbiyalı şirkətlərin bu il keçiriləcək tədbirə qatılması ilə bağlı hazırlıq işlərinə başlanacağını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi