"KaTV1" xidmətlərin maya dəyərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirir

"KaTV1" xidmətlərin maya dəyərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirir Şirkət bu il üçün nəzərdə tutulan fəaliyyət strategiyasını açıqlayıb
İKT
30 Yanvar , 2016 15:28
KaTV1 xidmətlərin maya dəyərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirir

Bakı. 30 yanvar. REPORT.AZ/ “AG Telecom” kabel televiziyası şirkəti (“KaTV1” ticarət nişanı) ölkədə baş verən devalvasiya ilə əlaqədar olaraq xidmətlərin maya dəyərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirir.

“KaTV1”in mətbuat xidmətinin rəhbəri Pərvin Sadıqov “Report”a açıqlamasında bildirib ki, milli valyutanın devalvasiyası ilə bağlı yaranan iqtisadi duruma baxmayaraq, şirkət abunəçilərin maraqlarını nəzərə almaqla xidmət göstərəcək: “Lakin operatorun xarici amillərdən asılılığı - müxtəlif telekanalların yayım hüquqları, bahalı avadanlıqlar, internet trafikə görə ödənişin xarici valyutada aparılması səbəbindən mövcud tariflərin qorunub saxlanılması imkanına ciddi təsir edir. Bu səbəbdən də "KaTV1" şirkəti “TV+internet” endirim kampaniyasını dayandırmalı olub. Buna baxmayaraq, şirkət bu durumda tarif siyasətini məhz istehlakçıların xeyrinə optimallaşdırmaq üçün maksmimum səy göstərəcək”.

P.Sadıqov "KaTV1"-in bu il üçün nəzərdə tutulan fəaliyyət strategiyasını da açıqlayıb: “Bu il şirkət diqqətini internet texnologiyalarının inkişafına, şəbəkə infrastrukturunun genişləndirilməsinə, sosial, xüsusən də sahə üzrə layihələrin dəstəklənməsinə yönəldəcək. İnternet texnologiyalarına əsaslanan məhsullar inkişaf etdiriləcək. Xüsusilə "Myvideo.az" portalının servisləri genişləndiriləcək və təkmilləşdiriləcək”.

Eyni zamanda P.Sadıqov yeni media və servis layihələrinin hazırlanma mərhələsində olduğunu deyib: “Televizora baxmağa və bunun vasitəsilə müxtəlif tətbiqetmələrdən ("Facebook", "Youtube", "İnstagram" və s.) istifadə etməyə imkan verən “SmartBox” cihazının proqram təminatı optimallaşdırılacaq. Daha çox sayda istehlakçını yüksəksürətli və genişzolaqlı internetə çıxışla təmin etmək məqsədilə "KaTV1" bu il də şəbəkənin infrastrukturu genişləndiriləcək. Paytaxt Bakıdan başqa ölkənin digər iri şəhərləri - Sumqayıt, Mingəçevir və Gəncədə də müvafiq infrastruktur şəbəkəsinin genişləndirilməsi planlaşdırılır”.

Məlumat üçün bildirək ki, “KaTV1” kabel televiziyası 2006-cı ildə fəaliyyətə başlayıb. Eyni zamanda, kabel televiziyası operatoru abunəçilərə internet xidmətləri təklif edir. Zəng Mərkəzi - 127 olan şirkətin hazırda 13 xidmət mərkəzi mövcüddur.

Son xəbərlər

Orphus sistemi