Yuxarı

"Kaspersky"nin vitse-prezidenti: "Kiberməkanın balkanizasiyası iqtisadiyyata və kibertəhlükəsizliyə mənfi təsir edir"

Dinlə

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Hazırda dünyada kiberməkanın balkanizasiyası tendensiyası müşahidə olunur – elə bir vəziyyət yaranır ki, qlobal İnternet müxtəlif seqmentlərə bölünür və onlar arasında qanunvericilik və dövlət nəzarəti vasitəsilə süni sərhədlər qoyulur". 

"Report" xəbər verir ki, bunu “Kaspersky Lab” şirkətinin dövlət orqanları ilə əlaqə üzrə vitse-prezidenti Anton Şinqaryov bildirib.

Onun sözlərinə görə, kiberməkanın balkanizasiyasına mövcud qlobal trend iqtisadiyyata və kibertəhlükəsizliyə neqativ təsir edir. Bu, vütün sahə üçün ciddi bir çağırışdır və “Kaspersky Lab” şirkəti yaranmış vəziyyəti şəxsi transformasiyası üçün istifadə etmək niyyətindədir.

“Nəyə görə balkanizasiya prosesi pisdir? Şübhəsiz ki, Azərbaycan sakinləri “VAZ-2105” və “Toyota Corolla” avtomobil modelləri arasında ikinciyə üstünlük verəcəklər, çünki belə halda seçim və rəqabət mövcuddur. Lakin həmin əhaliyə bildirsələr ki, sabahdan onlar yalnız VAZ seçə biləcəklər, əhali əlbəttə narazı qalacaq. Öz növbəsində məhsulun keyfiyyətini yaxşılaşdırmağa VAZ-ın stimulu olmayacaq, belə ki, hamı təklif olunanları alacaq. Nəticədə son istehlakçılar iki dəfə uduzacaq. Birincisi, onlar seçim hüququndan məhrum olacaqlar, ikincisi isə, istehsalçının məhsulunun keyfiyyəti uzunmüddətli perspektivdə aşağı düşəcək, çünki heç kim istehsalatın inkişafına investisiya yatırmaq istəməyəcək. Antivirusla da belədir – biz super-rəqabət mühitində işləyirik və burada məhsul və həllərimizin keyfiyyətini daim yaxşılaşdıraraq rəqiblərdən öndə getməyə məcburuq. Müvafiq olaraq biz öz istifadəçilərimizi daha yaxşı müdafiə edirik. Ona görə də bizim həllərdən istifadə edənlər kiberhücum riskinə daha az meyillidirlər”, - A.Şinqaryov bildirib.

“Kaspersky Lab”ın nümayəndəsi əmindir ki, bəzi bazarlardan şirkəti qəsdən sıxışdırıb çıxarırlar: "Səbəb çoxdur. Ən əsası isə – ölkədə kritik infrastrukturun müdafiəsi üçün antivirusun böyük əhəmiyyətidir. Biz doğrudan da hücum və casusluq edənlərə mane oluruq, onlara problem yaradırıq. Bilirik, bizi bazardan qəsdən sıxışdırıb çıxarırlar. Hətta Avropada tənzimləyicilər özləri bunu etiraf edirlər: “Biz bilirik ki, siz casusluq etmirsiz, necə işlədiyinizə və zərərvericiləri nə cür topladığınıza da bələdik, lakin, təəssüflər olsun, bizə siyasi təzyiq göstərirlər".

Anton Şinqaruov onu da əlavə edib ki, hazırda heç bir ölkədə “Kaspersky Lab”ın məhsul və həlləri qanunvericilik səviyyəsində qadağan olunmayıb. Təkcə ABŞ-da şirkətin məhsullarının dövlət orqanlarına alınmasına qadağa mövcuddur, Böyük Britaniya və Macarıstan isə qadağa tövsiyələri buraxıb.

Buna müqabil olaraq “Kaspersky Lab” özünün informasiya şəffaflığı üzrə qlobal təşəbbüsü (“Global Transparency Initiative”) ilə şirkətin ünvanına yönələn ittihamlar əsassız olduğunu göstərib və texniki sübut etmək niyyətindədir.

A.Şinqaryovun sözlərinə görə, informasiya şəffaflığı üzrə qlobal təşəbbüs çərçivəsində artıq cari ilin noyabr ayında Sürixdə (İsveçrə) “Kaspersky Lab”ın ilk şəffaflıq mərkəzi fəaliyyətə başlayacaq.

“Mən inanıram ki, qlobal təşəbbüsümüz bizə yardım edəcək. Bununla da, bizə ünvanlanan ittihamların heç bir əsası olmadığını bir daha nümayiş etdirib və texniki sübut edəcəyik. Hazırda biz “inanıram – inanmıram” paradiqmasında işləyirik, biz deyirik, “bizə inanın”, çünki sübut yoxdur. Təəssüflər olsun ki, bu, artıq işləmir. Bizi və bir sıra digər istehsalçını heç bir sübut olmadan bir qaydada ”günahkar” hesab edirlər. Biz bu paradiqmadan digərinə keçməliyik – “bizə inanın, çünki”: bizim şəffaflıq mərkəzimiz mövcuddur, biz müstəqil audit üçün məhsullarımızı təqdim etməyə hazırıq, infrastrukturun köçürülməsi planlaşdırılıb, “Bug Bounty”yə (boşluqların aşkarlanması) mükafatın məbləği artırılıb və sairə. Bu gün biz məhz sözügedən paradiqmaya keçirik və mən inanıram ki, bu, bizə kömək edəcək”, - deyə A.Şinqaryov vurğulayıb.

Qeyd edək ki, şəffaflıq mərkəzində etibarlı tərəfdaşlar və hökumət təşkilatları “Kaspersky Lab” məhsullarının mənbə kodunu, həmçinin, şirkətin istifadə etdiyi alətləri yoxlaya biləcəklər. Burada proqram təminatının təhlükəsiz hazırlanması üzrə sənədlərə, bazara buraxılmış istənilən məhsulun (köhnə versiyalar daxil) mənbə koduna, təhlükələrin aşkarlanması qaydalarının məlumat bazasına, Avropada, gələcəkdə isə Şimali Amerika, Avstraliya, Yaponiya, Cənubi Koreya və Sinqapurda müştərilərin məlumatlarının emalı və saxlanılmasına cavabdeh olan bulud xidmətlərinin mənbə koduna, həmçinin, məhsulların, antivirus bazalarının və bulud servislərinin yaradılması üçün istifadə edilən proqram təminatı alətlərinə çıxış imkanı yaradılacaq.

A.Şinqaryov onu da bildirib ki, “Kaspersky Lab” bir çox təşkilatlarla, o cümlədən Beynəlxalq Cinayət Polisi İdarəsi (“Interpol”) ilə əməkdaşlıq edən beynəlxalq səviyyəli şirkətdir.

”Sinqapurda yüksək texnoloji cinayətkarlığa qarşı mübarizə üzrə mərkəzimizin açıldığı gündən biz “Interpol” ilə əməkdaşlıq edirik. Gələcəkdə də qarşılıqlı əlaqə qurmaqdan məmnun olardıq, istənilən təşəbbüsdə onları dəstəkləməyə hazırıq. Təəssüflər olsun ki, “Interpol”un fərdi qaydada istintaq aparmağa mandatı yoxdur. Faktiki olaraq bu sistem məlumat mübadiləsi üçündür, hansını ki, biz hesabat və təhdidlər barədə informasiya ilə bölüşmək üçün kanal kimi istifadə edirik”, - deyə A.Şinqaryov izah edib.

Xatırladaq ki, “Kaspersky Lab” şirkəti hər gün təxminən 360 min zərərverici aşkar edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi