“Kaspersky Lab” 2017-ci il üzrə kiberproqnozlarını tərtib edib

“Kaspersky Lab” 2017-ci il üzrə kiberproqnozlarını tərtib edib "Kaspersky Lab"ın ekspertləri: "Bu ilin əsas maliyyə problemi kriptovalyutalarla əlaqədar olacaq"
İKT
11 Yanvar , 2017 20:50
“Kaspersky Lab” 2017-ci il üzrə kiberproqnozlarını tərtib edib

Bakı. 11yanvar. REPORT.AZ/ “Kaspersky Lab” şirkəti hər il olduğu kimi, bu il də gələcək 12 ay üzrə proqnozlarını açıqlayıb.

Şirkətdən “Report”a verilən məlumatda bildirilib ki, “Kaspersky Lab”ın ekspertlərinin fikrincə, 2017-ci ildə məlumatların konfidensiallığının və istifadəçilərin şəxsi həyatlarının incəliklərinin qorunması, kriptovalyutaların inkişaf etdiyi bir dövrdə təhlükəsizliyin təmin edilməsi, hədəf hücumlarının tanınması ən vacib məsələlərə çevriləcək.

Şirkət ekspertlərinin fikrinə əsasən, APT növlü mürəkkəb hücumların gizlilik və nəzərə çarpmamazlıq tendensiyası 2017-ci ildə yeni istiqamətdə inkişaf edəcək. Belə ki, cinayətkarlar “qısamüddətli yoluxma”lara üstünlük verəcək, hakerlər sistemdəqalma müddəti əhəmiyyətli olmayan proqram və alətlərdən istifadə edəcəklər. Bununla yanaşı, son ayların hadisələri göstərir ki, kiberhücumlar getdikcə siyasi xarakter almağa başlayır. Xüsusən də dövlət səviyyəsində böyük kibercasusluq kampaniyalarının aşkarlanması ciddi geosiyasi problemlərə yol aça bilər.

Kibercinayətkarlar tərəfindən, xüsusən də məşhurlara məxsus informasiyanın məqsədli şəkildə sızdırılması cəmiyyət və KİV tərəfindən daha çox diqqət cəlb edir. Bu ildə kibercinayətkarlar pul oğurlamaq üçün müxtəlif yollarla kiberhücumlar həyata keçirəcəklər. Şirkətin ekspertləri düşünürlər ki, yeni ildə cinayətkarların diqqət mərkəzində sadəcə banklar deyil, həm də fond birjaları və investisiya fondları kimi maliyyə təşkilatları da olacaq.

Bununla belə, bu ilin əsas maliyyə problemi kriptovalyutalarla əlaqədar olacaq. Son bir neçə ildə bu sahədə çox böyük dəyişikliklər baş verib. Əgər əvvəllər bazarda sadəcə bir bitkoin var idisə, bu gün müxtəlif kriptovalyutaların sayı artıq 50-yə çatır ki, onlardan da 10-u ciddi bazar kapitallaşmasına malikdir. İnformasiya təhlükəsizliyi sahəsinin qarşısında isə yeni kriptovalyuta infrastrukturunun qorunması məsələsi duracaq.

“Daha çox maliyyə əməliyyatlarında istifadə olunan blokçeyn texnologiyası istənilən informasiyanın təhlükəsziliyinin təmin olunmasında alternativ üsula çevrilə bilər. Müəyyən qaydalar əsasında qurulan və şirfrələmə ilə qorunan zəncir prinsipinə əsasən informasiya ötürülməsinin hər mərhələsində məlumatların sadəcə bir bloku emal olunur. Buna müvafiq olaraq, cinayətkarlar hücum zamanı lazımi bütün məlumatları əldə edə bilmədiklərinə görə əməliyyat prosesinə nəzarət edə bilmirlər. Bu prinsipi bütün internetə tətbiq etmək mümkündür. Blokçeyn bazasında tətbiqlərin sistemini yaratmaq olar ki, onların proqram və xidmətlərin fərqli komponentləri bir məlumat mərkəzində deyil, blokçeyn şəbəkəsinin bütün iştirakçıları arasında paylanır. Bu yanaşma nəinki məlumat oğurluğunun qarşısını alacaq, həm də şirkətlərin və dövlətin də keçid əldə edə bilməyəcəyi yüksək səviyyəli informasiya konfidensiallığını təmin edəcək” - “Kaspersky Lab” şirkətinin antivirus üzrə baş eksperti Aleksandr Qostev deyib.

Son xəbərlər

Orphus sistemi