Yuxarı

Kanadalılar “Azərkosmos”da radar təsvirlərinə dair seminar keçirib

Müzakirələr zamanı radar və optik peyklərin təsvirlərinin birgə istifadəsi yolları nəzərdən keçirilib

Bakı. 20 sentyabr.REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində “Radar təsvirləri və onların tətbiq sahələri” mövzusunda seminar keçirilib. 

Bu barədə "Report"a "Azərkosmos"dan məlumat verilib. 

Məlumata görə, Kanadanın kommunikasiya və informasiya şirkəti olan MDA korporasiyası ilə birgə təşkil olunmuş seminarın məqsədi Yer səthinin radarla müşahidəsinin imkanlarını nümayiş etdirmək və qarşılıqlı müzakirə formasında yeni potensial tətbiq imkanlarını ortaya çıxarmaq olub.

Seminar zamanı MDA və “Azərkosmos”un mütəxəssisləri tərəfindən radar peyklərindən əldə olunan təsvirlər, peyk təsvirlərinin, ətraf mühitin monitorinqi və kənd təsərrüfatı üçün istifadəsi, radar təsvirləri vasitəsilə geoməkan tədqiqatları, ətraf mühitin, dənizdə neft çirklənməsinin monitorinqi, müdafiə və təhlükəsizlik, eləcə də təsvirlərin kəşfiyyat və hasilat zamanı istifadəsi mövzularında təqdimatlar və müzakirələr keçirilib. Müzakirələr zamanı həmçinin radar və optik peyklərin təsvirlərinin birgə istifadəsi yolları nəzərdən keçirilib.

Potensial benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda Müdafiə Nazirliyi,Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,Milli Aeorokosmik Agentlik, Respublika Seysmoloji Xidmət Mərkəzi, Milli Aviasiya Akademiyası, Dövlət Sərhəd Xidməti,Dövlət Dəniz Administrasiyası, Dövlət Neft Şirkəti, BP Azərbaycan və həmçinin peyk təsvirlərinin emalı ilə məşğul olan özəl şirkətlərin nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, keçən ilin oktyabr ayında MDA korporasiyasına məxsus, kommersiya peyklərinin aparıcı təchizatçısı olan “Space Systems/Loral” (SSL) şirkəti “Azərkosmos” ASC tərəfindən Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci telekommunikasiya peykinin istehsalçısı seçilib. Əməkdaşlıq çərçivəsində MDA korporasiyası “Azərkosmos”a özünəməxsus olan Radarsat peykləri vasitəsilə əldə olunmuş təsvilər və onların emalı üzrə təcrübənin uzunmüddətli təlimlər formasında ötürülməsini də təmin edir ki, keçirilmiş seminar bu layihənin tərkib hissələrindən biridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi