Yuxarı

​İT-nin İnkişafı Dövlət Fondu yeni müsabiqə üçün layihələrin qəbulunu başa çatdırıb

Müsabiqə çərçivəsində Fonda 138 layihə təqdim edilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb. Müsabiqə çərçivəsində Fonda 138 layihə təqdim edilib.

RYTN-dən "Report"a veriən məlumata görə, təqdim olunan layihələrin elanda göstərilmiş prioritet istiqamətlər üzrə bölgüsü aşağıdakı kimidir:

Mütərəqqi proqram təminatının hazırlanması – 17 layihə;

İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması – 40 layihə;

İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması – 30 layihə;

Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması – 12 layihə;

İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı – 39 layihə.

Qeyd edək ki, layihələrin qiymətləndirilməsi 2 mərhələdə aparılır. Birinci mərhələdə təqdim olunan layihələrin ilkin ekspertizası 15 iş günü müddətində həyata keçirilir. İkinci mərhələdə isə müstəqil ekspertlər tərəfindən 20 iş günü müddətində hər layihə üzrə kompleks ekspertiza keçiriləcək. Kompleks ekspertizanın yekununda müsbət rəy almış layihələr Fondun Müşahidə Şurasına təqdim ediləcək.

Layihələrin maliyyələşdirilməsi ilə əlaqədar yekun qərarın 2016-cı ilin yanvar ayında veriləcəyi gözlənilir.

Qeyd edək ki, Fondun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

Layihələr Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) qeydiyyatdan keçməklə elektron qaydada təqdim olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi