İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə "Nar" şirkəti arasında saziş imzalanıb

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə "Nar" şirkəti arasında saziş imzalanıb “Nar” şirkəti “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı olub
İKT
13 Aprel , 2017 11:22
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə Nar şirkəti arasında saziş imzalanıb

Bakı. 13 aprel. REPORT.AZ/ İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi və Azərbaycanın üçüncü mobil rabitə operatoru olan “Nar” şirkəti arasında rəsmi tərəfdaşlığa dair saziş imzalanıb.

“Report”un xəbərinə görə, bu gün sazişin imzalanmasına dair Bakıda mətbuat konfransı keçirilib.

Sənədi “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov və “Nar”ın baş icraçı direktoru Klaus Müller imzalayıblar. Bununla da “Nar” “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı olub.

E.Səfərov bildirib ki, Oyunlar zamanı yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin olunmaq çox vacibdir: "Bu oyunlara ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. May ayının əvvəlində Atletlər Kəndinin açılışı olacaq. Oyunlara hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Əminəm ki, birgə əməkdaşlığımız sayəsində "Nar" şirkəti "Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının uğurla həyata keçirilməsində öz müsbət töhfəsini verəcək".

"Şirkətimizin İslam Həmrəyliyi Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı seçilməsi "Nar" üçün böyük qürur hissidir. İki il bundan əvvəl Azərbaycanda keçirilən Avropa Oyunlarının tərəfdaşı olaraq, bu səpkili mühüm layihələrdə birgə əməkdaşlıq istiqamətində kifayət qədər təcrübə qazanmışıq. Bu təcrübəyə əsaslanaraq deyə bilərəm ki, layihənin telekommunikasiya tərəfdaşı olaraq "Nar"ın əməkdaşları "Bakı 2017" Oyunlarının təşkilatçılarına və iştirakçılarına yüksək keyfiyyətli xidmət göstərəcək", - deyə K.Müller qeyd edib.

Qeyd edək ki, "Nar" İslam Həmrəyliyi Oyunları zamanı Oyunların Əməliyyat Komitəsini mobil telekommunikasiya xidmətləri - zəng və data xidmətləri ilə təmin edəcək. Eyni zamanda, İnformasiya Əlaqə Mərkəzi və Oyunların Texnologiya şöbəsinə dəstək xidməti sahəsində aparıcı provayder rolunu oynayacaq.

Son xəbərlər

Orphus sistemi