İranlı nazir: "Biz Azərbaycanı informasiya texnologiyaları sahəsində strateji tərəfdaş hesab edirik" - MÜSAHİBƏ

İranlı nazir: "Biz Azərbaycanı informasiya texnologiyaları sahəsində strateji tərəfdaş hesab edirik" - MÜSAHİBƏ
İKT
6 Dekabr , 2019 14:43
İranlı nazir: Biz Azərbaycanı informasiya texnologiyaları sahəsində strateji tərəfdaş hesab edirik - MÜSAHİBƏ
Report / Sultana Ahmadbayli

“Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak etmək üçün Azərbaycana gələn İranın İnformasiya və Kommunikasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Yaromi (Mohammad-Javad Azari Jahromi) “Report”a müsahibə verib. 

- Bildiyiniz kimi, dekabrın 3-6-da Bakıda “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçirilir. Bir çox ölkələr kimi İranın da şirkətləri bu sərgidə təmsil olunur. İstərdik, Bakıya səfəriniz və İran şirkətlərinin sərgidə iştirakı ilə bağlı təəssüratlarınızı öyrənək.

- İran bir neçə ildir ki, aktiv şəkildə “Bakutel” sərgisində iştirak edir. Biz bu il Azərbaycanda keçirilən bu sərgidə innovasiyalar və texnologiyalar sahəsində irəliləyişlərin, inkişafın olduğunu müşahidə etdik. Mən ilk dəfə 4 il əvvəl bu sərgidə iştirak etmişdim. Həmin vaxt adətən ənənəvi sərgi keçirilirdi. Əsasən elektron hökumət, rabitə təchizatları və bu kimi məhsullar nümayiş olunurdu. Amma bu gün yüksək texnologiyalar sahəsində məhsullar nümayiş olunur. Keçən ildən bu başlanılıb və bu il də daha da təkmilləşdirilib. Belə ki, sərgidə nümayiş olunan məhsullar, həmçinin sərginin keçirilməsi yeni forma aldı və modern məhsullar nümayiş etdirilməyə başlandı. Düşünürəm ki, Azərbaycan dövləti bu sahədə kreativliyə daha çox investisiya qoyur və bu sahədə inkişaf əldə etmək istəyir. Biz bunu sərgidə aşkar görə bilirik. Necə ki, orada startaplara və yeni məhsullara daha çox yer verilib.

“Bakutel 2019” sərgisində İranı 15 şirkət təmsil edir və onlar aktiv şəkildə digər ölkələrin şirkətləri ilə müzakirələr aparırlar. İranın 3 startapı artıq Azərbaycanın İnnovasiyalar Agentliyindən qeydiyyatdan keçib. Başlanğıc üçün çox yaxşıdır. Biz Azərbaycanı informasiya texnologiyaları sahəsində strateji tərəfdaş hesab edirik və burada məqsəd İKT sahəsində iqtisadi əməkdaşlığı genişləndirməkdir. Bu sərgidə iştirakımız da strateji mərkəzimizin göstəricisidir.

- Bizdə olan məlumata görə, təxminən, 40 İran startapı İnnovasiyalar Agentliyinə müraciət edib. Bu startapların nə qədər sərmayə dəyəri var və qarşıdakı illərdə biz qeyd edilən sahədə “coworking”lər gözləyə bilərik?

- Startap sahəsinin iqtisadiyyatı ənənəvi iqtisadiyyatdan bir qədər fərqlidir. Bu sualınız bəlkə də ənənəvi iqtisadiyyata daha çox aiddir. Bazar nə qədər böyük olsa, daha çox startap gələ bilər və onlar üçün heç bir məhdudiyyət yoxdur. Ona görə də burada olan zəmin və şərait startapların sayını təyin edir. 

Nümunə kimi deyim, Azərbaycanda bir çox insan tibbi xidmətlər üçün İrana müraciət edir. Onlara xidmət göstərilməlidir. Məsələn, onlar həkim növbəsinə yazıla bilər, həmin həkimin yanına gedən əvvəlki xəstələrin fikrini öyrənə bilər, həkim qəbulunun vaxtını, otelə və gediş-gəliş bileti bron edə bilərlər. Bütün bunlar birgə əməkdaşlıq üçün zəmindir. Yaxud başqa bir sahədən nümunə çəkə bilərəm. İranla Azərbaycan arasında çox sayda yük daşınır. Bu yüklərin daşınması müştərək, birgə əməkdaşlığın nümunəsi ola bilər. Həmçinin kompüter oyunlarının istehsalı və ya maliyyə texnologiyaları (fintech) sahələrində də hər hansı əməkdaşlıq mümkündür.

- Azərbaycan vətəndaşlarının tez-tez səfər etdiyi ölkələr sırasında İran da var. Həmçinin İran vətəndaşları da ölkəmizə gəlir. Bu konteksdən çıxış edərək iki ölkə arasında olan rouminq tarifləri ilə bağlı hər hansı dəyişiklik, yaxud ləğvi müzakirə mövzusu deyil?

- Xeyir. Nə İran, nə də Azərbaycan tərəfindən bu məsələ indiyə qədər müzakirə olunmayıb. Lakin bu məsələni qaldırmaq və müzakirələr təşkil etmək olar.

- Bildiyimizə görə, İranın televiziya kanalları Azərbaycan ərazisində bizim milli kanalların tezliyində yayımlanır. Biz özümüz də İranla sərhəd rayonlarda çox oluruq və görürük ki, bu həm də İran mobil operatorlarına aiddir. Açığı, bir vətəndaş və abunəçi olaraq, bu, məni narahat edir. İran rəsmisi olaraq sizin buna mövqeyiniz necədir və həmin məsələlərlə bağlı hər hansı müzakirələr varmı?

- Bir ilə yaxındır bu işlərlə məşğuluq. Müştərək işçi qrupu fəaliyyət göstərir və onlar iki dəfə Tehranda və iki dəfə də Bakıda iclas keçiriblər. Görünən odur ki, tezliklərə müdaxilələr 90% azalıb. Biz dünya standartlarına uyğun olaraq 2,5 kilometrlik şüa nəzərdə tuturuq. Həmin məsafədə tezliklərə nəzarət etməliyik. İranla Azərbaycanın 370 kilometrlik sərhədi var, yalnız Ərdəbil vilayəti istiqamətində İran tərəfdə 180 kənd var. Düzdür, bu sahədə işlər görülüb və tezliklərə müdaxilələr azalıb, amma 2,5 kilometrlik məsafədə insanlar yaşayır və onlar yenə də müəyyən problemlərlə üzləşirlər. İşçi qrupu davamlı olaraq işləyir və vəziyyətin yaxşılaşdırmasına çalışır. Tezlik belə deyil ki, ona bu nöqtədən o tərəfə keçmə deyilsin, bu, dalğadır. Amma ona nəzarət etmək lazımdır. 

Son xəbərlər

Orphus sistemi