Yuxarı

Azərbaycanda küçə və dükanlarda mobil telefon nömrələrinin satışı dayandırılacaq

Nazir müavini İltimas Məmmədov: GSM texnologiyasını Azərbaycanda da dayandırmaq niyyətindəyik

Bakı. 27 iyun. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə operatorlarına LTE şəbəkəsini genişləndirmələri üçün yeni tezlik diapazonundan istifadə etməyə icazə verəcək. “Report” nazirliyə istinadən bildirir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov deyib. 

Onun sözlərinə görə, bu ilin sonuna kimi artıq 800 MHz tezliklərinin bir hissəsi boşaldılaraq LTE şəbəkəsinin qurulmasında istifadəsi üçün operatorlara icazə veriləcək: "Hazırda 3G şəbəkəsi ölkə regionlarında əhatə dairəsini genişləndirib. Lakin 4G şəbəkəsi yalnız Bakıda və bəzi ətraf ərazilərdə işləyir. Nazirlik isə bu texnologiyanın əsasən ucqar dağ regionlarında tətbiqini, bütün ölkə ərazisinin internet və rabitə ilə təmin edilməsini istəyir".

İ.Məmmədov qeyd edib ki, nazirlik yaxın iki il ərzində artıq dünyada istifadəsi dayandırılan GSM texnologiyasını Azərbaycanda da dayandırmaq niyyətindədir.

Bununla yanaşı, nazir müavini yaxın müddətdə IMEI kodların qeydiyyat sisteminin təkmilləşdiriləcəyini qeyd edib. İlkin mərhələdə insanların rahat istifadəsi üçün yaradılmış sistemin imkanlarından neqativ məqsədlərlə istifadə edilib.

İ.Məmmədovun sözlərinə görə, yeni qaydalara uyğun olaraq, telefon alan şəxs haqda tam bilgilər məlumat bazasına daxil olduqdan sonra ona nömrə ayrılacaq və küçədə, dükanlarda mobil telefon nömrələrinin satışı dayandırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi