Yuxarı
    Bağlamaq

    "Huawei" şirkəti Azərbaycanın İKT sektoruna maraq göstərir

    Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Huaweiin Bakı ofisinin yeni rəhbəri ilə görüşüb

    Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qlobal informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri üzrə aparıcı servis provayderi olan "Huawei" şirkətinin Bakı ofisinə yeni təyin olunmuş rəhbəri Liu Jianvel ilə görüşüb.

    "Report"un Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) istinadən verdiyi xəbərə görə, Azərbaycanın ümumi iqtisadi nailiyyətləri, o cümlədən informasiya texnologiyaları sahəsində aparılan islahatlar, perspektivlər barədə qonaqları məlumatlandıran Ə.Abbasov ölkədə bu sahənin inkişaf tempinin ildən-ilə yüksəldiyini vurğulayıb.

    Xüsusilə həyata keçirilən yerli və regional layihələr - Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), "EuraCA" (Eurasian Connectivity Alliance), fiber-optik kabel şəbəkəsi üzərindən ölkənin hər bir yaşayış məntəqəsində əhalinin yüksəksürətli, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan "Milli genişzolaqlı internet inkişafı"ndan söz açan nazir "Huawei"nin də gələcəkdə bu kimi layihələrdə iştirak edə biləcəyini vurğulayıb.

    Ölkədə həyata keçirilən islahatları maraqla qarşılayan L.Jianvel isə öz növbəsində, naziri təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri haqqında məlumatlandırıb, internet və informasiya-kommunikasiya texnologiyaları sahəsində "Huawei"nin Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi