"Galaxy Note 7" smartfonlarının istehsalı dayandırılıb

"Galaxy Note 7" smartfonlarının istehsalı dayandırılıb Bir çox ölkədə vətəndaşlardan "Galaxy Note 7"-dən təyyarə göyərtəsində istifadə etməmək xahiş olunub
İKT
10 Oktyabr , 2016 13:59
Galaxy Note 7 smartfonlarının istehsalı dayandırılıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Cənubi Koreyanın “Samsung” şirkəti "Galaxy Note 7" smartfonunun istehsalını dayandırıb. “Report”un xəbərinə görə, şirkət bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib. 

Cənubi Koreyanın “Yonhap” agentliyinin məlumatına görə, istehsalın dondurulması ilə bağlı qərarı Cənubi Koreya, ABŞ və Çində istehsalçıların təhlükəsizliyi ilə məşğul olan agentliklər verib. Məhsulun istehsalının dayandırılması barədə məlumatın yayılması fonunda istehsalçılar yeni versiyasının təhlükəsiz olduğunu bildirsələr də, smartfon ABŞ-da təyyarədə yanıb. Təyyarədə telefonu yanan istifadəçi qeyd edib ki, köhnə şirkət tərəfindən geri çağırılan smartfonunu, yeni “təhlükəsiz” hesab edilənlə dəyişib.

Məhsulun enerji yığdığı zaman partlaması şikayətlərinin artması səbəbi ilə şirkət sentyabrın 2-dən “Galaxy Note 7”-nin satışının dayandırılması və geri çağırılması haqqında qərar qəbul edib. Smartfonun sosial şəbəkələrdə yanmış şəkilləri peyda olub.

Rəsmi olaraq bir çox ölkələr vətəndaşlarından “Galaxy Note 7”-dən təyyarə göyərtəsində istifadə etməməyi xahiş edib. ABŞ hökuməti vətəndaşlarına bu smartfonları söndürməyi və bir daha istifadə etməməyi məsləhət görüb. Smartfon qalmaqalı Koreya şirkətinin kapitallaşmasının aşağı düşməsinə səbəb olub.

Sentyabrın ortalarında “Samsung” yeni alınan smartfonların istifadə edilməsinə imkan verən proqram təminatının yenilənməsinin buraxıldığını elan edib. Eyni zamanda şirkət bildirib ki, smartfonların yeni modellərində yanmaya səbəb olan batareyalarla bağlı nasazlıq aradan qaldırılıb.

Ümumilikdə, “Samsung” daha əvvəl müxtəlif ölkələrə satılan 2,5 mln. ədəd məhsulu geri çağırıb. Telefonların geri çağırılma kampaniyasına start verildiyi gündən cəmi iki gün ərzində şirkət 22 mlrd. dollar ziyan edib.

Oktyabrın əvvəlində “Galaxy Note 7”-nin satışı Cənubi Koreyada bərpa edilib. Satışın ilk günündə (oktyabrın 1-də) “Samsung” 16 min ədəd smartfon satıb.

Qeyd edək ki, “Samsung” bu smartfonu ilk olaraq avqustda təqdim edib. O zaman smartfon “Android” bazasında ən yaxşı telefonlardan biri adlandırılıb. Bu smartfon  “Apple” şirkətinin istehsal etdiyi “iPhone7”-nin əsas rəqibi olmalı idi.

Son xəbərlər

Orphus sistemi