Fransa şirkəti "Azərkosmos"un əməkdaşları üçün seminar keçirib

Fransa şirkəti "Azərkosmos"un əməkdaşları üçün seminar keçirib Seminar "Azersky" peykindən əldə olunan təsvirlərin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunub
İKT
27 May , 2015 15:40
Fransa şirkəti Azərkosmosun əməkdaşları üçün seminar keçirib

Bakı. 27 may. REPORT.AZ/ Bu gün “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində “Airbus Defense & Space” şirkəti (Fransa) ilə birgə yüksəkayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"dan əldə olunan təsvirlərin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunmuş seminar keçirilib. 

"Report"un məlumatına görə, seminarın əsas məqsədi "Azersky" peykinin imkanlarını nümayiş etdirmək, qarşılıqlı müzakirə formasında yeni potensial tətbiq imkanlarını ortaya çıxarmaq və istifadə yollarını müzakirə etmək olub.

Potensial benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda "Azərkosmos"un və peykin istehsalçısı olan Fransanın “Airbus Defence & Space” şirkətinin mütəxəssisləri peykin texniki xüsusiyyətləri, peyk təsvirlərinin hərbi məqsədlər üçün praktiki istifadəsi, hərbi xəritəçilik, əməliyyatların coğrafi məkan kəşfiyyat məlumatları ilə təminatı, nəzarəti və monitorinqi və digər bu kimi mövzular haqqında təqdimatlar ediblər. İnteraktiv formada təşkil edilmiş seminarda ölkəmizin Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti kimi güc strukturlarının nümayəndələri iştirakı ediblər. Bu ilin sonuncu rübünə planlaşdırılmış eynitipli növbəti seminar peyk təsvirlərini vasitəsilə təbii ehtiyatların tədqiqi və monitorinqi mövzusuna həsr olunacaq.

Qeyd edək ki, "Azersky" peyki 2014-cü il iyunun 30-da orbitə çıxarılıb və 2 dekabr 2014-cü il tarixindən etibarən "Azərkosmos"a təhvil verilib. Yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peykinin 12 il müddətində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. Peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri var.

Son xəbərlər

Orphus sistemi