ƏMDK: Özəlləşdirmə hərraclarının tam elektronlaşması büdcə daxilolmalarını artıracaq

ƏMDK: Özəlləşdirmə hərraclarının tam elektronlaşması büdcə daxilolmalarını artıracaq Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: müasirlik və şəffaflıq” mövzusunda ictimai təqdimat keçirilib.
İKT
6 Dekabr , 2017 11:07
ƏMDK: Özəlləşdirmə hərraclarının tam elektronlaşması büdcə daxilolmalarını artıracaq
Report

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: müasirlik və şəffaflıq” mövzusunda ictimai təqdimat keçirilib.

“Report” xəbər verir ki, tədbirdə mətbuat, qeyri-hökumət və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Təqdimatda çıxış edən komitənin Strateji araşdırmalar, innovasiyalar, monitorinq və təhlil şöbəsinin müdiri Şamil Şirinov bildirib ki, təmsil etdiyi qurum dövlət əmlakının özəlləşdirilməsi prosesinin sürətləndirilməsi, ölkə iqtisadiyyatına investisiya cəlb edilməsi, özəlləşdirmə prosedurlarının elektron üsullarla reallaşdırılması istiqamətində işlərini davam etdirir.

Onun sözlərinə görə, bu işlərin tərkib hissəsi kimi özəlləşdirmə hərraclarının tam elektronlaşdırılması optimallığı daha da artırır, yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.

“Elektron hərracların istifadəyə verilməsinin prioritet prinsiplərindən biri də məkan məfhumunun aradan qaldırılması, zaman amilinin minimallaşdırılması, iştirak prosedurlarının sadələşdirilməsi, statistik göstəricilərin yüksəldilməsidir. Bunun nəticəsində büdcə daxilolmalarının artmasına şərait yaranır. Eyni zamanda, bu layihələrin reallaşdırılması vətəndaş məmur münasibətlərinin minimuma endirir, investorların özəlləşdirilməyə cəlb olunması ilə bağlı geniş imkanlar yaradır”, - deyə, o qeyd edib.

ƏMDK rəsmisinin sözlərinə görə, hərraclarda elektron qaydada iştirak etmək Komitənin emdk.gov.az ünvanında yerləşən rəsmi internet səhifəsində xüsusi keçid mövcuddur. Bununla yanaşı, ƏMDK-ya məxsus privatization.az saytı vasitəsilə bir virtual məkanda özəlləşdiriləcək əmlak və müəssisələr barədə məlumat əldə etmək və onlayn rejimdə hərracda iştirak etmək imkanları yaradılıb.

Tədbirdə bildirilib ki, istənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək ƏMDK-ya məxsus e-emdk.gov saytından və yaxud e-Hökumət portalından (e-gov.az) qeydiyyatdan keçə, electron qaydada sifariş verə və sifarişçi kimi hərrac günü onlayn rejimdə aktiv hərraca qatıla bilər.

İctimai təqdimatda “Dövlətə məxsus əmlakların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidmətinin istifadə qaydaları, üstünlükləri və faydaları izah olunub və bu proses əyani nümayiş etdirilib. Qeyd edilib ki, yeni funksiya özəlləşdirmə prosesinin operativliyini artıraraq bu sahənin innovativ üsullarla daha da inkişaf etməsinə şərait yaradacaq.

Xatırladaq ki, hazırda ƏMDK-nın fəaliyyət istiqamətləri üzrə istifadə edilən 36 elektron xidmətdən 11-i dövlət əmlakının özəlləşdirilməsi ilə bağlıdır. 

Son xəbərlər

Orphus sistemi