Yuxarı

Elmir Vəlizadə: "Azərbaycan hökuməti internetin daha geniş yayılmasında maraqlıdır"

Azərbaycanda əhalinin təqribən 76%-i internet istifadəçisidir

Bakı. 1 mart. REPORT. AZ/ Bu gün Bakıda "İnternet və insan hüquqları" mövzusunda keçirilən tədbir böyük əhəmiyyət kəsb edir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyəti cəmiyyətdə ifadə və media azadlıqlarının təmin edilməsində əsas vasitəçi sahələri ifadə edir. "Report" xəbər verir ki, bunu tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib. 

E.Vəlizadə qeyd edib ki, bu gün internet iqtisadiyyatın bütün sahələrinə nüfuz edib. Bir çox inkişaf etmiş ölkələrdə internetin ÜDM-də payı təqribən 10% təşkil edir.
"Eyni zamanda, internetə sərbəst və münasib girişin təmin olunması demokratik dəyər hesab edilir. Hazırda Nazirlik Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ölkəni təmsil edərək, Aİ-nin rəqəmli bazarların uyğunlaşdırılması strateji təşəbbüs proqramında fəal iştirak edir".

"Azərbaycanda son illərdə ölkənin bütün sahələrində ən müasir yanaşmaların tətbiqi müsbət nəticələr verməkdədir. Bu gün Azərbaycanda əhalinin təqribən 76%-i internet istifadəçiləridir. Onların təxminən 65%-ı genişzolaqlı internetdən istifadə edir. Ölkə ərazisi mobil xidmətlərlə tam əhatə olunub", - deyə nazir müavini qeyd edib. 

Bu gün Azərbaycanda internet fəaliyyəti və internetdə fəaliyyətin tam azad olduğunu vurğulayan E.Vəlizadə əlavə edib ki, internet provayderinin fəaliyyəti üçün heç bir xüsusi lisenziya tələb edilmir: "Vətəndaşlar, hüquqi və fiziki şəxslər internetdən sərbəst şəkildə və qanunauyğun qaydada istifadə edirlər, saytlar və bloqlar yaradırlar, sosial şəbəkələrdə fəallıq göstərirlər. Ölkədə nəşr olunan bütün qəzet və jurnalların demək olar ki, hər birinin eyni zamanda internet saytları, sosial şəbəkələrdə aktiv səhifələri mövcuddur. Bununla yanaşı, internet-media da formalaşıb, indi fəaliyyətlərini ancaq internet üzərindən quran media orqanları, TV-lər və radiolar da var. Azərbaycan hökuməti ölkədə internetin daha da geniş yayılması, ondan inkişaf perspektivləri üçün əlverişli istifadədə maraqlıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi