Yuxarı

Əli Abbasov: "Azərkosmos"un bu il 16 mln. dollar gəlir gətirəcəyi gözlənilir"

Azərbaycanın ilk süni peykinin gəliri ötən il 9 mln. dollar olub

Bakı. 13 iyul. REPORT.AZ/ Elektron informasiya resurslarının yaradılması və regional İT xidmətlərinin verilməsində son 6 ayın uğurlarından biri də regional informasiya-hesablama mərkəzinin – DATA Mərkəzinin yaradılmasıdır. Mərkəzin istifadəyə verilməsi sentyabr ayına planlaşdırılıb. Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) bu DATA Mərkəzinin resurslarının təxminən 30%-ni MDB və Mərkəzi Asiya ölkələrinin regional əməkdaşlığı üçün istifadə edəcəyini planlaşdırıb və Mərkəzin açılışında baş direktor səviyyəsində iştiraklarını bildirib.

"Report"un xəbərinə görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı məlumat verib.

Kosmik sənayenin inkişafı istiqamətində "Azerspace-1" fəaliyyətinin genişləndirməsi barədə məlumat verən nazir qeyd edib ki, 130-dan çox xarici televiziya kanalları, o cümlədən Gürcüstan, Türkiyə, Rusiya və bir sıra digər xarici ölkələrin telekanalları və xüsusi rabitə sistemləri peykin resurslarını kommersiya müqavilələri əsasında istifadə edir: "Maliyyə Nazirliyi tərəfindən koordinasiya olunan "Azərkosmos" ASC-nin səmərəli fəaliyyəti nəticəsində ötən il ixracdan 9 mln. dollar, bu il isə 16 mln. dollar gəlir götürülməsi planlaşdırılır və təxminən 6-8 mln. dollar da Maliyyə Nazirliyi tərəfindən əlavə edilərək kreditlərin qaytarılması həyata keçirilir. "Azərkosmos"un planlarına görə, 2016-cı ildən kreditlər öz gəlirləri hesabına ödəniləcək".

Ə.Abbasov bildirib ki, hesabat dövründə Yer səthinin müşahidə peyki "Azersky" bir neçə fransız peyki ilə qruplaşmaya daxil olub və artıq kommersiya fəaliyyətinə başlayıb. Hesablamalara görə, "Azərkosmos" ASC "Azersky" üçün kreditlərin verilməsində dövlət maliyyə resurslarına müraciət etməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi