Yuxarı

Elektron Təhlükəsizlik Mərkəzi "Whatsapp"da yayılan virus mesajları ilə bağlı bəyanat yayıb

Xidmətə qoşulmuş istifadəçilər STOP DL yazıb 65 55-ə göndərməklə xidməti dayandıra bilər

Bakı. 26 avqust. REPORT.AZ/ Son günlər Azərbaycanın “Whatsapp” istifadəçilərinə xarici ölkələrə məxsus saxta "Whatsapp" hesablarından fırıldaqçı mesajlar gəldiyi haqqında məlumat vermişdik. Sözügedən mesajlarla bağlı Rabitə və Yüksək texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, “Göndərilən mesajlarda “Whatsapp Ekran görüntüləri və Smayllar Yeniləməsi sizin telefon nömrəniz +994XXXXXXXXX üçün mövcuddur. İndi yeniləyin!” tipli cümlələr və “Bu mətnə klikləyin” tipli məzmunlar öz əksini tapır. Qeyd edək ki, istifadəçilərin göndərilən mesaja diqqətini cəlb etmək və etibarını qazanmaq üçün fırıldaqçı tərəf əvvəlcə “WhatsApp” adlı qrup yaradır, qurban istifadəçinin nömrəsini həmin qrupa əlavə edir, daha sonra ardıcıllıqla mesaj, şəkil və “contact” göndərir. Xüsusilə diqqətinizə çatdıraq ki, “Bu mətnin üzərinə klikləyin" adlı məzmuna kliklədikdə istifadəçi veb brauzerdə ardıcıl olaraq bir neçə veb sayta yönləndirilir, daha sonra nömrəsini daxil etməli olduğu veb səhifə açılır. Bu veb səhifələr müxtəlif görünüşdə qarşınıza çıxa bilər. Onlardan ikisini diqqətinizə çatdırmaq istəyirik: İstifadəçi öz nömrəsini veb brauzerdə açılan səhifədə qeyd etdikdə o xidmətə qoşulmuş olur və onun nömrə hesabından həm qoşulma, həm də gündəlik olaraq müəyyən miqdarda balans çıxılır. Nəticədə istifadəçilər fırıldaqçılıqla məşğul olan bədniyyətlinin qurbanı olur və xidmət dayandırılanadək gündəlik olaraq müəyyən miqdarda maliyyə itkisi ilə qarşılaşır”.

Elektron Təhlükəsizlik Mərkəzi bütün istifadəçilərə tövsiyə edir ki, bu cür hallarla qarşılaşdıqda ehtiyatlı olsunlar, tanımadıqları və barəsində məlumatlı olmadıqları veb səhifələrdə özlərinə məxsus heç bir fərdi məlumatı daxil etməsinlər. Bura həm mobil nömrə, həm bank kartı məlumatları, həm də digər əhəmiyyətli məlumatlar daxildir. Razılaşmada qeyd olunduğu kimi, xidmətə qoşulmuş istifadəçilər "STOP DL" yazıb 65 55-ə göndərməklə xidməti dayandıra bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi