“Elektron imza”lı sənədin yararlılığını və kim tərəfindən nə vaxt imzalandığını öyrənmək olacaq

“Elektron imza”lı sənədin yararlılığını və kim tərəfindən nə vaxt imzalandığını öyrənmək olacaq Məlumat Hesablama Mərkəzi bunun üçün yeni proqram hazırlayıb
İKT
4 Noyabr , 2016 17:51
“Elektron imza”lı sənədin yararlılığını və kim tərəfindən nə vaxt imzalandığını öyrənmək olacaq

Bakı. 4 noyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) hazırladığı yeni proqram vasitəsilə elektron imza ilə imzalanmış sənədin nə zaman, kim tərəfindən və hansı sertifikatla imzalandığını müəyyən etmək mümkün olacaq. MHM-dən "Report"a daxil olan məlumata görə, "Edoc yoxlayıcı” adlanan proqram “.edoc” formatında olan rəqəmsal sənədlərdə imzanın strukturunun yoxlanılması və sənədlərin nüsxəsini əldə etmək üçün nəzərdə tutulub. 

Qeyd edək ki, Milli Sertifikat Xidmətləri Mərkəzinin e-imza sertifikatı ilə imzalanmış sənədlər “.edoc” formatında olur. 

Proqramdan aşağıdakı qaydada istifadə etmək olar: 

1) www.e-imza.az veb səhifəsinə daxil olub menyudan "Edoc Yoxlayıcı” bölməsini seçmək;

2) "Faylı seçmək" düyməsi ilə yoxlamaq istədiyiniz “.edoc” formatlı sənədi (elektron imza ilə imzalanmış) yükləmək, "Yoxla" düyməsi ilə əməliyyatı davam etdirmək; 

İki mərhələdə elektron imzalı sənədin strukturunu yoxlamaq mümkündür. "Edoc yoxlayıcı” təşkilatların işini asanlaşdıracaq.  Belə ki, xidmət üçün hazırlanmış proqram təminatı açıq servis şəklində yaradılıb. "E-imza" xidmətlərini daxili sistemlərinə inteqrasiya etmiş və ya etmək istəyən təşkilatlar bu servisi proqram təminatlarına əlavə etməklə “Edoc” sənədlərin düzgünlüyünü birbaşa öz sistemlərində yoxlaya bilərlər. Bu proqram təminatı veb texnologiyası əsasında qurulduğu üçün təkcə "Windows" əməliyyat sistemində deyil, həmçinin, "Linux" və "Mac" əməliyyat sistemlərində də bu xidmətdən yararlanmaq mümkündür.

Bu xidmət, həmçinin, "Elektron hökumət" portalına (www.e-gov.az), RYTN-nin təqdim etdiyi xidmətlər sırasına əlavə olunub. Portal üzərindən xidmətdən istifadə etmək üçün bütün xidmətlər bölməsindən və RYTN-nin xidmətləri arasından “Elektron imza ilə imzalanmış sənədlərin yoxlanılması” elektron xidmətini seçmək lazımdır. İstifadə qaydaları yuxarıda (www.e-imza.az) təsvir olunduğu kimidir.

Son xəbərlər

Orphus sistemi