"Elektron hökumət" portalına 5 yeni elektron xidmət əlavə olunub

"Elektron hökumət" portalına 5 yeni elektron xidmət əlavə olunub Bununla da Vergilər Nazirliyinin göstərdiyi e-xidmətlərin sayı 59-a çatıb
İKT
9 Yanvar , 2015 13:28
Elektron hökumət portalına 5 yeni elektron xidmət əlavə olunub

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyinin beş xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib. Bu barədə "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Belə ki, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı”, “Vergi Apelyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi”, “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi”, “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” və “Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” xidmətlərinin “Elektron hökumət” portalı üzərindən göstərilməsinə başlanılıb.

“Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı” xidməti rezident vergi ödəyicisinin filialı, nümayəndəliyinin elektron qaydada qeydiyyata alınmasını əhatə edir.

“Vergi Apelyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” xidmətinə Vergilər Nazirliyi Aparatının funksional idarələrinin vergi orqanlarının yazılmış aktları və onların nəticələri üzrə qəbul edilmiş qərarlardan vergi ödəyiciləri tərəfindən verilmiş təkrar şikayət və ərizələrə məhkəmədən kənar (məhkəməyə qədər) obyektiv və hərtərəfli araşdırma aparılmaqla baxılması prosesləri daxildir.

“Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” xidməti vasitəsilə istifadəçi vergi orqanlarında qeydiyyata alınmış kommersiya qurumlarının kommersiya sirri hesab edilməyən dövlət reyestri məlumatlarını əldə edir.

“Büdcə rekvizitləri barədə məlumatın verilməsi” xidməti istifadəçinin dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesablarının rekvizitləri üzrə axtarış sistemi vasitəsilə müvafiq məlumatları əldə etmə proseslərini əhatə edir.

“Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” xidməti Azərbaycanda yeni yaradılacaq kommersiya hüquqi şəxsinin təsisçi tərəfindən ona verilməli adın unikallığının yoxlanılmasından ibarətdir.

Qeyd edək ki, bu e-xidmətlər "Elektron hökumət" portalına əlavə olunduqdan sonra Vergilər Nazirliyinin portal üzərindən göstərdiyi xidmətlərin sayı 59-a çatıb.

Son xəbərlər

Orphus sistemi