​“EaPConnect” layihəsi Avropanın elm və təhsil şəbəkəsinə yüksəksürətli çıxışı təmin edəcək

​“EaPConnect” layihəsi Avropanın elm və təhsil şəbəkəsinə yüksəksürətli çıxışı təmin edəcək Sözügedən layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir
İKT
9 Mart , 2016 20:34
​“EaPConnect” layihəsi Avropanın elm və təhsil şəbəkəsinə yüksəksürətli çıxışı təmin edəcək

Bakı. 9 mart. REPORT.AZ/ GEANT (Gigabit European Advanced Network Technology) Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional internet şəbəkəsinin yaradılması, bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “EaPConnect” (Eastern Partnership Connect) layihəsi həyata keçirilir.

“Report” AMEA İnformasiya Texnologiyaları İnstitutuna istinadən verdiyi xəbərə görə, bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev “EaPConnect” – Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin kompüter şəbəkəsi layihəsinin icrası ilə bağlı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, sözügedən layihənin əsas hədəfi Şərq Tərəfdaşlığı regionundakı ölkələrdə fəaliyyət göstərən alim, tədqiqatçı, müəllim və tələbələrin tədqiqat, təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasını təmin etməkdir: “Layihə Avropa ilə ŞT ölkələri arasında rəqəmsal fərqin aradan qaldırılması, ŞT ölkələrinin Avropa şəbəkələrinə, o cümlədən elmi informasiya resurslarına yüksəksürətli çıxışının təmin olunması məqsədi daşıyır. AMEA-nın bütün elmi müəssisə və təşkilatlarına şəbəkə texnologiyaları və xidmətləri təqdim edən AzScienceNet-in imkanlarının genişləndirilməsi məqsədilə Avropa Birliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıq əlaqələri qurulub. Eyni zamanda qabaqcıl texnologiyalar və xidmətlərdən ölkəmizdə fəaliyyət göstərən elmi qurumların istifadəsinə şərait yaradılıb”.

Daha sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxışında Azərbaycanın Avropa ilə elm və təhsil sahəsində əməkdaşlığının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Akademik qeyd edib ki, ölkədə bu prosesin sürətləndirilməsi istiqamətində mühüm addımlar atılır: “Hazırda Avropa və Azərbaycan arasında neft kəməri ilə yanaşı, “EaPConnect” layihəsi çərçivəsində elm üçün “internet kəməri” yaradılır. Bu da neft strategiyasından İKT strategiyasına keçidin reallaşmasında əhəmiyyətli addımdır. Avropanın elektron elmi mühitinə inteqrasiya üçün milli operator statusu qazanan AzScienceNet-in texniki imkanları sayəsində Azərbaycanın Macarıstanda olan GEANT qovşağı vasitəsilə Avropaya birbaşa qoşulması nəzərdə tutulur. Cari ilin I yarısında “EaPConnect” layihəsi çərçivəsində təşkil olunan iclaslarda institutun əməkdaşlarının iştirakı planlaşdırılıb. AMEA-da Avropa elmi mühitinə inteqrasiya istiqamətində görülən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması zəruridir”.

“Regionun 700-dən çox elmi müəssisəsindən 2 milyon alim, tədqiqatçı və tələbənin bu şəbəkədən yararlanacağı gözlənilir. AzScienceNet şəbəkəsinin 2016-cı ildən Pan-Avropa Elm və təhsil şəbəkəsinə 1 Gbit/san sürətlə çıxış imkanı əldə etməsi planlaşdırılıb. Yüksəksürətli genişzolaqlı şəbəkə elmi bazalara çıxışı və böyük həcmli, etibarlı informasiya mübadiləsini təmin edərək beynəlxalq elmi əməkdaşlığa təkan verəcək. Bununla belə, layihə çərçivəsində əldə olunan elmi, texnoloji yeniliklərin ölkənin elm və təhsil ictimaiyyətinə böyük töhfələr verəcək”, – deyə alim vurğulayıb.

Qeyd edək ki, Pan-Avropa Elm və təhsil şəbəkəsi olan GEANT hazırda 44 müxtəlif istiqamət üzrə 50 min km uzunluğunda şəbəkə infrastrukturuna malikdir və 43 ölkəyə, 10 min təşkilata və 10 milyonlarla istifadəçiyə yüksək səviyyəli xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi