​Dünya Bankı Azərbaycanın İT sektorunu təhlil edib

​Dünya Bankı Azərbaycanın İT sektorunu təhlil edib "Təhsil sisteminin işəgötürənlərin tələblərinə cavab verməsi təmin edilməlidir"
İKT
24 May , 2016 17:15
​Dünya Bankı Azərbaycanın İT sektorunu təhlil edib

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycanın İT sənayesinin xidmətlər sektorunda iş yerlərinin payı, eləcə də sənayenin ÜDM-ə töhfəsi kiçikdir. "Report" bu barədə Dünya Bankının (DB) ekspertləri tərəfindən həyata keçirilmiş “Azərbaycanda İT sektoru və İT bacarıqları: Çağırışlar və fürsətlər” adlı tədqiqatın nəticələrinə istinadən xəbər verir.

"Nəticə etibarilə yerli İT bacarıqlarını inkişaf etdirməklə yanaşı, prioritet olaraq ölkənin İT bazarı və yerli məhsul və xidmətlər sektoru inkişaf etdirilməlidir. Bu da yerli İT sənayesinə regional və qlobal bazarlarda rəqabət aparmağa yardım edəcək. Nəhayət, Azərbaycanda ümumi vergi administrasiyası və gömrük xidmətləri sahəsində həyata keçirilən islahatların tərkib hissəsi olaraq, İKT məhsul və xidmətlərinə tariflərin təkmilləşdirilməsi və İT sektoruna yatırılan özəl investisiyaların dəstəklənməsi məqsədilə tənzimləyici bazada islahatlara təşəbbüs, məhsuldarlığın artırılması və İT sənayesində özəl sektorun aparıcı rol oynadığı inkişafı gücləndirmək tövsiyə olunur", - deyə məlumatda qeyd olunub.

Tədqiqatda ölkənin İT sektorunun güclü və zəif cəhətləri və təhsil sistemi ilə təmin olunan bacarıqlarla İT sənayesini təmsil edən işəgötürənlərin tələbatı arasındakı fərqlər qiymətləndirilib. Bu təhlil hökumətlə müzakirələr, dövlət və özəl sektorlardan maraqlı tərəflərlə müsahibələr və İT sənayesinin əsas subyektləri və texnologiya universitetləri arasında aparılan sorğulara əsaslanır.

“İT sahəsinin güclü iqtisadi artım potensialı mövcuddur və bu sektor gənc ixtisaslı məzunlar üçün əlavə dəyərə malik iş yerləri yaratma imkanlarına malikdir”, - deyə DB-nin Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko deyib.

Hesabat son bir neçə ildə sürətli iqtisadi artım və iri dövlət investisiyaları ilə ölkə iqtisadiyyatının yüksək keyfiyyətli texnologiyalar sahəsində bacarıqlara daha da artan tələbatının təmin olunması ilə bağlı ölkənin üzləşdiyi çağırışları təhlil edir. “Yüksək sürətli internet, kvalifikasiyalı insan resursları və innovativ ekosistemlərə dəstək sahələrində tərəqqinin davam etdirilməsi Azərbaycanın regionda İT mərkəzinə çevrilməsinə gətirib çıxara bilər", - deyə İKT üzrə aparıcı mütəxəssis və hesabatı hazırlayan qrupun rəhbəri Karlo Maria Rossotto vurğulayıb.

Bu tədqiqat DB-nin ölkədə dəstəklədiyi əsas sahələrdən biri olan rabitə bağlantıları proqramının dəstəklənməsi məqsədilə Azərbaycan hökuməti və Bank arasında aparılan dialoqun tərkib hissəsidir. Burada Azərbaycanda İKT sektorunun daha da inkişafı üçün müxtəlif tövsiyələr təqdim olunur.

Təhlillər göstərir ki, sürətli kommunikasiya, innovativ biliklər və biznes informasiyalarının təklif olunması ilə bazara çıxarıla bilən İT bacarıqları Azərbaycan iqtisadiyyatında digər sektorların məhsuldarlığını artırmaq üçün yüksək potensiala malikdir. Bu məqsədə nail olmaq üçün ölkə təhsil sisteminin işəgötürənlərin tələblərinə cavab verməsini təmin etməlidir.

Son xəbərlər

Orphus sistemi