Yuxarı
    Bağlamaq

    ​Dövlət Statistika Komitəsində Ukrayna Statistika, Uçot və Audit Milli Akademiyasının rektoru ilə görüş keçirilib

    Aleksandr Osaulenko: Komitə ilə Akademiya arasında həyata keçiriləcək proqramlar hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edəcək

    Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov Bakıda səfərdə olan Ukrayna Statistika, Uçot və Audit Milli Akademiyasının rektoru, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Osaulenko ilə görüşüb.

    “Report” Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun da iştirak etdiyi görüşdə DSK ilə Ukrayna Statistika, Uçot və Audit Milli Akademiyası arasında əməkdaşlıq perspektivləri, kadr hazırlığı və ixtisasartırma məsələləri müzakirə edilib.

    T.Budaqov Azərbaycanla Ukrayna arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən danışan Komitə sədri bütün sahələrdə işlərin planlaşdırılmasında, iqtisadi inkişafa nail olunmasında dəqiq statistikanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Dövlət Statistika Komitəsi tərəfdaş ölkələrlə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir”.

    Akademiyanın rektoru A.Osaulenko rəhbərlik etdiyi təhsil ocağı barədə məlumat verərək qeyd edib ki, ali təhsil müəsissəsi eyni zamanda Ukrayna Dövlət Statistika Xidmətinin əməkdaşlarının ixtisaslarının artırılması və hazırlanması ilə məşğuldur: “Dövlət Statistika Komitəsi ilə Statistika, Uçot və Audit Milli Akademiyası arasında həyata keçiriləcək proqramlar və əməkdaşlıq işləri hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edəcək”.

    Eyni zamanda görüşdə əməkdaşlığın perspektivləri ətrafında məsələlər müzakirə olunub.

    Qeyd edək ki, 150 nəfərlik professor-müəllim heyətinə malik Ukrayna Statistika, Uçot və Audit Milli Akademiyasında 3 500-dən çox tələbə təhsil alır. Rəsmi statistikanın Avropa standartlarına elmi-metodoloji cəhətdən keçidinin təmin edilməsi məqsədilə Akademiyanın alimlərinin üzərinə fundamental və tətbiqi tədqiqatların aparılması vəzifələri qoyulub. Akademiya, eyni zamanda Ukrayna dövlət statistika orqanları üçün kadrların hazırlanması və ixtisaslarının artırılmasını həyata keçirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi