"Deloitte": Azərbaycan Vergi Məcəlləsi rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi ilə bağlı aparıcı ölkələrin qanunvericiliyindən geri qalır

"Deloitte": Azərbaycan Vergi Məcəlləsi rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi ilə bağlı aparıcı ölkələrin qanunvericiliyindən geri qalır Ekspert Emil Qarayev region ölkələrinin bu sahədə müəyyən təcrübəsinin olduğunu bildirir
İKT
25 Avqust , 2016 17:38
Deloitte: Azərbaycan Vergi Məcəlləsi rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi ilə bağlı aparıcı ölkələrin qanunvericiliyindən geri qalır

Bakı. 25 avqust. REPORT.AZ/ "Sonuncu statistik rəqəmlər göstərir ki, dünyada internet istifadəçilərinin təxminən 40%-i elektron ticarətdən istifadə edir. Bu isə təqribən 1 mlrd. alıcı deməkdir və bu say durmadan artır". 

“Report” xəbər verir ki, bu barədə "Deloitte Azerbaijan"ın vergi üzrə direktoru Emil Qarayev deyib.

Onun sözlərinə görə, 2016-cı ildə təkcə mobil vasitələrlə aparılan bu cür ödəmələrin həcminin 51 mlrd. ABŞ dollarına yaxın olacağı proqnozlaşdırılır.

Elektron ticarət əməliyyatlarında vergi rezidentliyi və gəlirin mənbəyinin müəyyən edilməsində çətinlikləri nəzərə alaraq 2012-ci ildə BMT-də aparılan müzakirələrdə sabit 15% həcmində Qlobal Elektron Ticarət Vergisinin tətbiq edilməsi təklifi səsləndirilib.

Ekspert hesab edir ki, bu sahədə ən orijinal təkliflərdən biri Fransa tərəfindən edilib. Belə ki, Fransa iqtisadçıları "Google" və analoji şirkətlərin İnternet Data Vergisi ödəməsi üzərində çalışırlar. Qeyd olunan verginin dərəcəsi şirkətlərin fərdi məlumatların toxunulmazlığına dair tələblərə nə dərəcədə əməl etməsindən, istifadəçi sayından və s. asılı olacaq. Qeyd olunan verginin tətbiqi şirkətlərin özü tərəfindən tələb olunan məlumatların açıqlanmasını, habelə kənar auditor tərəfindən yoxlanmasını nəzərdə tutur.

E.Qarayev region ölkələrinin də bu sahədə müəyyən təcrübəsinin olduğunu bildirir: “Region ölkələrinin bu sahədə təcrübəsi də maraqlıdır. Rusiyada 1 yanvar 2017-ci ildən qüvvəyə minməsi planlaşdırılan qanun layihəsinə əsasən, onlayn platformada proqram əlavələri, oyunlar, musiqi və digər analoji məhsullar satan şirkətlər Rusiya ərazisində qeydiyyata düşməli və müvafiq vergiləri bəyan edərək ödəməlidir. Rusiyanın Maliyyə Nazirliyi bu yolla dövlət büdcəsinə əlavə olaraq təxminən 150 mln. dollar cəlb etmək niyyətindədir. Bəzi ölkələrdə internet satış vergisi artıq tətbiq olunmaqdadır. Amma bu vergilərin toplanması qaydası hər bir ölkə üçün müxtəlif qaydada nəzərdə tutula bilər. Məsələn, ABŞ-da bəzi ştatlarda rəqabətliliyi təmin etmək məqsədilə internet üzərindən satış həyata keçirən mağazalar tərəfindən internet satış vergisi tətbiq olunur. Lakin ABŞ Ali Məhkəməsinin qərarına əsasən, bu cür vergi yalnız elektron ticarət həyata keçirən şəxsin həmin ştatda mağazası, anbarı və s. olduğu halda tətbiq olunur”.

Ekspertin fikrincə, beynəlxalq ticarət əməliyyatlarında transmilli şirkətlər tərəfindən əldə edilən mənfəətin yurisdiksiyalara arasında ədalətli bölgüsünü təmin etmək məqsədilə başlanan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi BEPS (Base Erosion and Profit Shifting) layihəsi çərçivəsində səsləndirilən həll yollarının bir hissəsi rəqəmsal iqtisadiyyatla bağlıdır: “BEPS layihəsi çərçivəsində təklif olunur ki, ƏDV ənənəvi olaraq satıcının olduğu yerdə deyil, alıcının olduğu yer üzrə müəyyən edilsin. Bu isə özlüyündə ayrı-ayrı dövlətlərin qanunvericiliyinə əməl edilməsi ilə bağlı böyük işlər görülməsini tələb edir”.

“Azərbaycana gəldikdə isə qeyd etmək lazımdır ki, qüvvədə olan Vergi Məcəlləsi rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi, Azərbaycandan gəlirlərdən, xüsusilə də internet üzərindən xidmət göstərən transmilli şirkətlərin gəlirlərindən vergi tutulması ilə bağlı əksər aparıcı ölkələrin qanunvericiliyindən geri qalır. Müəyyən növ elektron xidmətlərin ƏDV-yə cəlb edilməsi ilə bağlı bəzi müddəalar olsa da bu sahədə korporativ vergiqoymanın aydın mexanizmləri mövcud deyil. Xüsusilə internet üzərindən mərc oyunları təşkil edən, proqram əlavələri, multimedia məhsulları təqdim edən, reklam, nəqliyyat, maliyyə, informasiya texnologiyaları və digər xidmətlər göstərən transmilli şirkətlərin gəlirlərinin vergiyə cəlb edilməsinin beynəlxalq təcrübəyə uyğun aydın vergitutma mexanizmlərinin hazırlanması tələb olunur. Xüsusilə nəzərə alınmalıdır ki, bir çox hallarda bu xidmətlərin istifadəçiləri vergi ödəyiciləri yox geniş əhali kütləsi olur. Buna görə də bu cür əməliyyatların vergiyə cəlb edilməsinin mərkəzləşmiş qaydada banklar, internet provayderlər və digər əlaqəli təşkilatların köməyi ilə həyata keçiriləcəyini gözləmək olar”, - deyə E.Qarayev bildirib.

Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin 4 avqust 2016-cı il sərəncamı ilə təsdiq edilmiş 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri üzrə proqramda islahatlar həyata keçirilməli olan sahələrdən biri də elə rəqmsal iqtisadiyyatın vergiyə cəlb edilməsidir və bu sahədə yaxın vaxtlarda yeni mexanizmlərin formalaşdırılacağını gözləmək olar. O da nəzərə alınmalıdır ki, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasını təmin etməklə yanaşı Azərbaycana yüksək texnoloji mal və xidmətlərin daxil olmasına, habelə yaranmaqda olan rəqəmsal iqtisadiyyata maneə törətməməlidir. Bu səbəbdən də qeyd olunan sahədə vergi siyasətinin mümkün qədər balanslı həyata keçirilməsi tələb olunur.

Son xəbərlər

Orphus sistemi