Yuxarı

​Cenevrədə Azərbaycanın İKT sektorunun perspektivləri müzakirə olunacaq

Rabitə və yüksək texnologiyalar naziri Beynəlxalq Telekommunikasiya İttifaqının tədbirində iştirak edəcək

Bakı. 24 aprel. REPORT.AZ/ Mayın 17-də Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) 150 illiyi ilə bağlı yubiley tədbiri keçiriləcək. Bu tədbirdə Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, mayın 25-29-da isə Cenevrədə ITU-nun İnformasiya cəmiyyəti üzrə ümumdünya sammiti baş tutacaq (The World Summit on the Information Society - 2015 (WSIS).

Sammitdə dünya dövlətlərinin informasiya-kommunikasiya texnologiyaları, internet infrastrukturu və informasiyalı cəmiyyətin inkişafı istiqamətində gördüyü işlərdən danışılacaq. Bu beynəlxalq tədbirdə isə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanın İKT istiqamətində həyata keçirdiyi işlər, əldə olunan uğurlar, yeniliklər və gələcək perspektivlər haqqında iştirakçılara ətraflı məlumat verəcək.

Sammitdə hər bir dövlətə həyata keçirdiyi regional və beynəlxalq layihələrin təqdimatını keçirmək üçün panellər ayrılacaq. Bu panellərdə Azərbaycanın reallaşdırmaqda olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi bir daha beynəlxalq arenadan dünya ictimaiyyətinə təqdim olunacaq.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən informasiya cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən ilin ən yaxşı layihələri seçiləcək. Azərbaycan bu müsabiqəyə TASİM layihəsini təqdim edib. Layihə artıq birinci mərhələni adlayıb, ikinci mərhələ isə onlayn formada səsvermə yolu ilə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi