"Caspian Energy Forum 2017"nin Azərbaycanda İKT sektorunun inkişafına həsr olunmuş xüsusi sessiyası keçirilib

"Caspian Energy Forum 2017"nin Azərbaycanda İKT sektorunun inkişafına həsr olunmuş xüsusi sessiyası keçirilib Biznes-forumda nazir müavini Elmir Vəlizadəyə "Caspian European Club"un fəxri üzvlük sertifikatı təqdim olunub
İKT
14 Dekabr , 2016 19:38
Caspian Energy Forum 2017nin Azərbaycanda İKT sektorunun inkişafına həsr olunmuş xüsusi sessiyası keçirilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə biznes-forum, "Caspian Energy Forum 2017"nin Azərbaycanda İKT sektorunun inkişafına həsr olunmuş xüsusi sessiyası təşkil olunub.

"Report"un verdiyi məlumata görə, biznes-forum və sessiya Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla açılıb.

Biznes-forumda çıxış edən Elmir Vəlizadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2016-cı il ərzindəki fəaliyyəti barədə məlumat verib. 

Görüş zamanı özəl sektorun dövlət tərəfindən həyata keçirilən İKT layihələrdə iştirak imkanları, həmçinin "Caspian European Club" (Caspian Business Club) şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub.

E.Vəlizadə genişzolaqlı internet, mobil və stasionar rabitə, rəqəmsal televiziya, sputnik xidməti sahələrinin, xarici banklar və beynəlxalq maliyyə institutları ilə birgə İKT layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlığın inkişafına toxunub. O, həmçinin ixracyönümlü məhsulların istehsalına istiqamətlənmiş layihələrin inkişaf perspektivlərindən söhbət açıb, o cümlədən innovasiya inkişafının əhəmiyyətini vurğulayıb, bununla əlaqədar startapların inkişafı və yeni texnologiyanın tətbiqini xüsusilə qeyd edib.

Biznes-forumda "Caspian European Club"un (Caspian Business Club) yarandığı gündən mövcud olan sahə klublarının, xüsusilə də Cabir Cümşüdovun rəhbərlik etdiyi "Caspian European İT Club"un və Səbinə Məmmədlinin rəhbərlik etdiyi "Caspian European Telecommunication Club"un fəal rolu vurğulanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə baş tutan konstruktiv dialoq zamanı şirkətlərin təklifləri dinlənilib, biznesmenlərin üzləşdikləri problemlər müzakirə olunub və onların həlli yolları nəzərdən keçirilib.

“Bu gün "Caspian European Club"un üzv şirkətlərin nümayəndələrinin rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşü baş tutmalı idi. Biz onun nazirliyə rəhbərlik etdiyi birinci ilin yekunlarına həsr olunacağına ümid edirdik. Bununla əlaqədar şirkətlər nazirə olduqca maraqlı suallar və təkliflər hazırlamışdılar ki, onların həlli Azərbaycanda İKT sektorunun inkişaf tempini daha da sürətləndirəcək. Biz nazirin bugünkü biznes-forumda iştirak edə bilməməsini anlayışla qarşılayırıq” - "Caspian European Club" sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev çıxışında deyib.

T.Əliyev həmçinin sahibkarların qarşılaşdıqları tendensiyalara da diqqət yetirib: “Son vaxtlar biz Azərbaycanın nazirləri, dövlət komitələrinin və agentliklərinin rəhbərləri tərəfindən sahibkarlarla görüşlərdən imtina edilməsini görürük. Bu qərar bir qayda olaraq gərgin qrafik və iş çoxluğu ilə izah olunur. Bu hal Azərbaycanda həyata keçirilən islahatlara mənfi təsir göstərir. Sizə də məlum olduğu kimi, Azərbaycanda biznes-hökumət dialoqunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Sahibkarlarla 25 aprel 2002-ci ildə keçirilmiş tarixi görüş iqtisadiyyatın bütün sahələrinin inkişafına təkan verdi. Məhz buna görə Azərbaycan Prezidenti, "Caspian European Club"un sədri İlham Əliyev klub təsis etməklə qarşıya dövlətlə biznes arasında daimi dialoqun yaradılması, "Caspian European Club"un keçirdiyi görüşlər çərçivəsində problemlərin operativ həll edilməsi, həmçinin sahibkarların problem və təkliflərinin nazirlik və dövlət qurumları rəhbərləri tərəfindən öyrənilməsi məqsədini qoyub. "Caspian European Club" mövcud olduğu 15 il ərzində tərəfimizdən Xəzər-Qara dəniz və Baltik regionunun 17 ölkəsinin dövlət və hökumət rəhbərləri, nazirləri ilə görüşlər təşkil edilib."

O bildirib ki, "Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb və sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. 

Onun sözlərinə görə, "Caspian European Club" yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına kömək edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən "Caspian European Club" dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

O, Caspian European Club və Caspian Energy İnternational Media Group ilə sıx əməkdaşlığa və biznesmenlərə göstərilən dəstəyə görə Elmir Vəlizadəyə minnətdarlığını bildirib.

T.Əliyev qeyd edib ki, 2017-ci il aprelin 12-də keçiriləcək 4-cü Beynəlxalq “Caspian Energy Forum Baku – 2017” iqtisadiyyatın nəqliyyat, maliyyə, yanacaq-enerji kompleksi, İKT, aqrosənaye və başqa sahələrinə həsr olunmuş daha bir neçə sessiyadan ibarət olacaq. Xüsusi sessiyalar çərçivəsində Caspian European Club-un (Caspian Business Club) üzv şirkətlərinin və ümumilikdə özəl sektorun problemləri dərindən öyrəniləcək, onlar maraqlandıqları suallara cavab almaq imkanı əldə edəcəklər.

Biznes-forumda Elmir Vəlizadəyə "Caspian European Club"un fəxri üzvlük sertifikatı təqdim olunub. Bundan əlavə, "Caspian European Club"un yeni şirkətlərinə də sertifikatlar verilib.

Biznes-forumda rəhbər və menecerlər, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkiyədən olan 120-dən çox biznesmen, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçılarının və beynəlxalq təşkilatların 23 nümayəndəsi iştirak edib.

Son xəbərlər

Orphus sistemi