Bu gün işə başlayan "Bakutel-2016" beynəlxalq sərgisində 200 şirkət iştirak edir

Bu gün işə başlayan "Bakutel-2016" beynəlxalq sərgisində 200 şirkət iştirak edir Builki sərgiyə dünyanın 18 ölkəsindən iş adamları gəliblər
İKT
29 Noyabr , 2016 14:54
Bu gün işə başlayan Bakutel-2016 beynəlxalq sərgisində 200 şirkət iştirak edir

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün "Baku Expo Center"də Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel 2016”) sərgi-konfransı işə başlayıb. “Bakutel” sərgisi 20 ildən çoxdur hər il telekommunikasiya sahəsinin aparıcı iştirakçılarını bir araya toplayır. “Bakutel” sərgisi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləri çıxış edir.

"Report" xəbər verir ki, builki sərgi Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illik yubileyi ilə üst-üstə düşür. Elə bu səbəbdən də sərginin keçirildiyi müddət “İKT Həftəsi” kimi xarakterizə olunur.

Builki sərgi 18 ölkəni təmsil edən 200 şirkəti bir araya toplayıb. Tədbir iştirakçılarının 40%-ni “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edir. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alıb. “Bakutel” sərgisinin builki qeydiyyat sponsoru qismində “Azerfon” şirkəti çıxış edir. Tədbirin texnologiyalar üzrə sponsoru isə sərginin keçirildiyi günlər ərzində bütün sərgi ərazisini ödənişsiz simsiz internetlə (“Wi-Fi”) təmin edəcək “Eurodesign” şirkətidir.

Bu il debütantlar sərgi iştirakçılarının 30%-ni təşkil edirlər. Bakıda keçirilən sərgiyə ilk dəfə qatılan iştirakçılar arasında Fransanın “Vivaction”, Rusiyanın “Balt-Energo” şirkətləri, Belarusun “Beltelecom” kimi dövlət strukturları, Xorvatiyanın “Banksoft”, “Sekom”, “Span”, Amerikanın “DELL EMC”, Ukraynanın “MUK”, Çinin “FEC” və “BBT Telecom” şirkətləri, eləcə də “CBC Sport TV”, “GSS” və digər yerli şirkətlər var.

Bu il 9 ölkə - Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland, Sloveniya, Türkiyə və Xorvatiya milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ hesab edilən layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir. Qeyd edək ki, Niderland milli pavilyonla sərgidə ilk dəfə təmsil olunub.

İlk dəfə olaraq sərgi çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edir. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən peyk, nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, Data-Mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər nümayiş olunur.

Sərgi çərçivəsində görmək qabiliyyəti məhdud olan insanlar üçün “Danışan kitabxana”, dünyada “Google Art Project” kimi “Muzeylərin rəqəmsallaşdırılması” layihələri də təqdim edilir.

Sərginin işgüzar proqramı çərçivəsində Regional Rabitə Birliyinin (RRB) İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli İşçi Qrupunun IV toplantısı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İKT sahəsi üzrə İşçi Qrupunun I toplantısı və birinci Nazirlər Toplantısı keçirilir. Eyni zamanda, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibi Houlin Cjaonun yerli startapçılarla görüşü təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi