Yuxarı

​Bakıda Regional İnternet İdarəçilik Forumu keçirilir

Tədbir İKT-nin regional iqtisadi inkişaf prosesində rolu mövzusuna həsr olunub

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün Bakıda "İKT vasitəsilə regional iqtisadi inkişaf və mədəni irəliləyiş üçün çoxtərəfli platforma" mövzusuna həsr olunmuş II Regional İnternet İdarəçilik Forumu işə başlayıb.

"Report" xəbər verir ki, iki gün davam edəcək tədbir Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən "Azərbaycanda İKT infrastrukturu və xidmətlərinin davamlılığı və səmərəliliyinin modernləşdirilməsi layihəsi" çərçivəsində təşkil olunub.

Tədbirin keçirilməsində məqsəd daha səmərəli və effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin müxtəlif tətbiqi yolları, Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlığını həyata keçirməklə yanaşı, bu sahədəki mövcud problemlərin müzakirəsi, maraqlı layihələrin nümayişinin təşkilidir.

Ümumilikdə foruma qatılan 200 nəfərə yaxın yerli və əcnəbi ekspertlər, dövlət və özəl sektorun nümayəndələri, elmi dairələrin təmsilçiləri İnternetlə bağlı aktual problemləri (rəqəmli erada hökumətin transformasiyası, innovativ imkanlar, Avrasiya regionu və Azərbaycanda elektron təhsil, İKT-nin davamlı inkişaf və ətraf mühitin qorunmasında tətbiqi və s. məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, ilk Regional İnternet İdarəçilik Forumu 2013-cü ilin dekabr ayında Bakıda keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi