Yuxarı

​Bakıda rabitə xidmətlərinin təkmilləşdirilməsinə dair regional seminar keçirilir

Tədbir Ümumdünya Poçt İttifaqının dəstəyi və Regional Rabitə Birliyinin içtirakı ilə təşkil olunub

Bakı. 4 may. REPORT.AZ/ Ümumdünya Poçt İttifaqının dəstəyi (ÜPİ), Regional Rabitə Birliyi (RRB) və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilatçılığı ilə Bakıda ÜPİ-nin “Avropa və MDB ölkələrində keyfiyyətin yaxşılaşdırılması və loqistika şəbəkəsinin təkmilləşdirilməsi” adlı yekun seminar keçirilir. RYTN-dən "Report"a daxil olan məlumata görə, seminar Poçt İttifaqının strateji regional layihəsi çərçivəsində reallaşır.

Tədbirdə ÜPİ-nin ekspertləri və RRB-yə üzv ölkələrin sahə üzrə səlahiyyətli nümayəndələri iştirak edirlər. Tədbirdə xidmətin keyfiyyəti, etibarlılığı və poçt şəbəkələrinin effektivliyinin artırılması, həyata keçirilən tədbirlərin təhlili, məhsulların təkmilləşdirilməsi, təcrübə mübadiləsi, eləcə də fəaliyyət planı üzrə atılacaq növbəti addımlar müzakirə olunur.

Tədbirdə Avropa və MDB ölkələri üçün ÜPİ-nin regional layihələrinin əlaqələndiricisi Yuri Spiriyev və ÜPİ-nin baş eksperti Yan Boynanski keyfiyyətin yaxşılaşdırılması və logistika şəbəkəsinin təkmilləşdirilməsi üzrə Avropa və MDB ölkələrindəki vəziyyət, layihə çərçivəsində əldə olunan nəticələr haqda hesabatla çıxış ediblər.

Poçt sahəsi üzrə təyin olunmuş operatorların, o cümlədən, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan və digər ölkələrin poçt sektorunda layihə üzrə əldə olunan əsas göstəriciləri əks etdirən təqdimatlar dinlənilib.

Seminar fəaliyyətini mayın 5-də yekunlaşdıracaq.

Mayın 6-da RRB-nin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurasının 41/30-cu birgə iclası keçiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədovun sədri olduğu RRB-nin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurasının birgə iclasında gündəlikdə bir sıra məsələlər yer alıb. Müzakirə olunacaq məsələlərə ÜPİ-nin 25-ci Konqresinin qərarlarının yerinə yetirilməsi üzrə Tədbirlər Planının icra vəziyyəti, ÜPİ-nin 26-cı İstanbul Konqresinə hazırlanmış ümumi təkliflərin müzakirəsi, RRB-nin işçi qruplarının hesabatlarının dinlənilməsi, RRB-nin 25 illiyinin qeyd edilməsi ilə bağlı hazırlıq və digər məsələlər daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi